media-1714482772_1686996302_1668854293_imtahan1-2

“2025-ci il 25 may tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə həm struktur, həm də nəticə baxımından yeni təhlil perspektivləri yaradır. Dövlət İmtahan Mərkəzinin açıqladığı rəsmi məlumatlara əsasən, hər iki qrup üzrə imtahanda iştirak üçün 54 246 abituriyent qeydiyyatdan keçib: II ixtisas qrupu üzrə 25 960, III ixtisas qrupu üzrə isə 28 286 nəfər. Onlardan 938 nəfər (təxminən 1,7%) imtahana gəlməyib və 13 nəfər imtahandan xaric olunub. Bu statistik göstəricilər əvvəlki illərlə müqayisədə həm sabitlik, həm də müəyyən meyillərdə dəyişiklik olduğunu göstərir”.

Bunu abituriyentlərin ötən gün bəlli olan imtahan nəticələri barədə Patrulaz.az-a fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov söyləyib.

Ekspert xatırladıb ki, 2024-cü ildə eyni qruplar üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 48 978 nəfər idi və bu il göstəricilər 5 268 nəfər və ya 10,8% artım nümayiş etdirib:

“Bu artım ümumi təhsil sisteminə inamın müəyyən qədər yüksəldiyini və daha çox gəncin ali təhsil almağa maraq göstərdiyini sübut edir. Lakin qeydiyyatdan keçsə də, imtahana gəlməyən abituriyentlərin sayında əvvəlki illərlə müqayisədə ciddi azalma müşahidə olunmur. Bu da təhsil sistemində qeydiyyat prosedurlarının, şagird-məktəb əlaqəsinin və imtahana psixoloji hazırlığın hələ də optimal səviyyədə olmadığını göstərir.

Qanunvericiliyə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təhsilin əlçatanlığı, bərabərliyi və fasiləsizliyi dövlət siyasətinin əsas prinsipləri kimi təsbit olunub. Lakin qəbul imtahanlarında iştirak etməyənlərin sayı, həmçinin yüksək nəticə göstərə bilməyənlərin faizi bu prinsiplərin reallıqda tam təmin olunmadığını göstərir. İmtahan nəticələrinin tam təhlili üçün hələlik DİM tərəfindən orta bal və bal paylanması açıqlanmayıb, lakin maksimum nəticələr və struktur göstəricilər ilkin qiymətləndirməyə əsas yaradır”.

media-img-20250613-wa0038

Nəticələrin müsbət tərəflərindən danışan ekspert bildirib ki, bu il II ixtisas qrupunda bir nəfər maksimum 400 bal toplayıb və III qrupda isə ən yüksək nəticə 687.2 bal olub:

“Bu göstəricilər imtahanın struktur baxımından yüksək hazırlıq tələb etdiyini və bəzi abituriyentlərin bu səviyyəni keçə bildiyini göstərir. Eyni zamanda, yüksək bal toplayanların sayında da ötən illə müqayisədə artım müşahidə olunur ki, bu da müəllim hazırlığının, repetitorluğun və fərdi təhsilin effektivliyindən xəbər verir.

Mənfi tərəf isə ondan ibarətdir ki, imtahanda iştirak etməyənlərin sayı (938 nəfər) hələ də yüksəkdir. Bu fakt ali təhsil sisteminə yönələn abituriyentlərin bir hissəsinin tam hazırlıqlı olmadığını, bəzilərinin qeydiyyat qərarını şüurlu və düşünülmüş şəkildə vermədiyini göstərir. Bu rəqəm həm də təhsil siyasətinin şagirdlərin imtahana hazırlığı, məktəbdəki istiqamətləndirmə və psixoloji dəstək baxımından zəif cəhətlərini üzə çıxarır. Eləcə də bəzi abituriyentlərin imtahana gəlməməsində ailə-iqtisadi səbəblər, bölgələrdə nəqliyyat problemləri və ya informasiya çatışmazlığı da mühüm rol oynaya bilər.

Dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, qəbul prosesində abituriyentlərin davamlı şəkildə sistemə daxil olmasını təmin etmək üçün əlavə tədbirlər mövcuddur. Məsələn, Estoniyada imtahana gəlməyən şagirdlər üçün alternativ tarixlər, ABŞ-da isə SAT/ACT nəticələri üçün çoxsaylı cəhd imkanları yaradılır. Finlandiyada isə qəbul imtahanı əsas deyil, orta məktəb göstəriciləri, tövsiyə məktubları və müsahibələr əsas qiymətləndirmə alətidir. Bu modellər gənclərin bir dəfəlik imtahanda uğursuzluğa düçar olmasının qarşısını alır və sistemdən çıxmalarını minimuma endirir. Azərbaycanda isə qəbul prosesi çox mərkəzləşdirilmiş, sərt və birdəfəlik modelə əsaslanır ki, bu da bəzən abituriyentlərin potensialını tam əks etdirmir”.

“Bu mənzərədən çıxış edərək demək olar ki, qəbul imtahanlarının nəticələri təhsilin keyfiyyətini qismən əks etdirir, lakin tam ölçü vahidi hesab oluna bilməz. Təhsil sistemində müsbət meyllər artır – iştirakçı sayı yüksəlib, yüksək nəticə göstərənlərin profili genişlənib. Lakin sistemin çevikliyi, alternativ cəhd imkanları, psixoloji hazırlıq, qeydiyyat mexanizmləri və regionlar üzrə bərabər imkanlar hələ də arzu olunan səviyyədə deyil.

Nəticə etibarilə, qəbul imtahanlarının bu ilki mərhələsi əvvəlki illərlə müqayisədə daha geniş iştirakla, daha yüksək nəticələrlə müşahidə olunsa da, imtahana gəlməyənlərin sayı və nəticələrin orta statistik təhlili üzrə şəffaflığın olmaması hələ də ciddi problemlər siyahısında qalır. Gələcəkdə bu istiqamətdə dəyişikliklər aparılarsa – məsələn, alternativ tarixli imtahanlar, bərpa mexanizmləri, psixoloji dəstək və nəticələrin ictimai monitorinqi – təhsil sistemi həm daha inklüziv, həm də daha ədalətli ola bilər”,- deyə o əlavə edib.

Ləman Sərraf 


Bənzər xəbərlər