ABŞ rəsmisi: “Prezident tezliklə Ukrayna məsələsinə ayıracağımız vaxtı müəyyən etməlidir”
Amerika Birləşmiş Ştatları Ukraynada davam edən münaqişənin həllindən tamamilə geri çəkilməyib, lakin dünyada daha ciddi və uzunmüddətli təhlükələr olduğu üçün bu məsələyə yanaşmada dəyişikliklər nəzərdən keçirilir.
Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Təhlükəsizlik müşaviri və dövlət katibi vəzifəsini icra edən Marko Rubio “Fox News” telekanalına müsahibəsində danışıb. O bildirib ki, Ukraynadakı vəziyyətə önəm verilsə də, artıq hökumət məsələyə nə qədər resurs və vaxt ayıracağını dəyərləndirmək məcburiyyətindədir.
“Biz bundan imtina etməyəcəyik. Amma elə bir məqam gəlir ki, hökumətimizin ən yüksək səviyyələri bu məsələyə daha nə qədər vaxt ayıracağına qərar verməlidir”, – deyə Rubio vurğulayıb.
O, xüsusilə Çinlə bağlı proseslərin strateji baxımdan daha vacib olduğuna diqqət çəkib: “Ukraynadakı müharibənin əhəmiyyətsiz olduğunu demirəm, amma hesab edirəm ki, Çinlə baş verənlər uzunmüddətli perspektivdə daha önəmlidir”.
Rubio əlavə edib ki, Vaşinqton həm Moskva, həm də Kiyevin mövqeyini anlayır, lakin tərəflər hələ də razılaşmadan uzaqdır: “Onlar daha yaxındırlar, amma yenə də kifayət qədər uzaqdadırlar. Bu proses ya sıçrayışa səbəb olacaq, ya da Prezident bu məsələyə nə qədər resurs ayıracağımıza qərar verəcək”.
Qeyd edək ki, ABŞ uzun müddətdir Ukraynaya həm hərbi, həm də maliyyə dəstəyi göstərir.
Gülbəniz Səfərova