media-img-20260609-wa0040

Uçuşların vaxtında həyata keçirilməsi, sərnişin məmnuniyyəti və hava limanlarının təqdim etdiyi xidmətlər əsasında hazırlanan yeni reytinqdə Avropanın ən yaxşı hava limanları müəyyənləşdirilib.

Patrul.az-ın araşdırmasına görə, reytinq uçuş kompensasiyası üzrə ixtisaslaşmış AirHelp şirkəti tərəfindən hazırlanıb. Qiymətləndirmə zamanı uçuşların dəqiqliyi, sərnişin təcrübəsi, rahatlıq və infrastruktur göstəriciləri nəzərə alınıb. Sərnişin məmnuniyyəti göstəriciləri isə 68 ölkədən təxminən 14 300 nəfərin iştirak etdiyi sorğular əsasında formalaşdırılıb.

Araşdırmanın nəticələrinə görə, Norveçin Bodø Hava Limanı Avropanın ən yaxşı hava limanı seçilib və dünya reytinqində 9-cu yeri tutub.

Şimal Qütb dairəsinin bir qədər şimalında yerləşən hava limanında 2025-ci il mayın 1-dən 2026-cı il aprelin 30-dək həyata keçirilən uçuşların 87 faizi vaxtında yerinə yetirilib. Bu göstəriciyə görə Bodø Hava Limanı 10 üzərindən 8,7 bal alıb. Sərnişin təcrübəsi üzrə 7,6, rahatlıq və infrastruktur baxımından isə 7,0 bal toplayıb.

Siyahıda ilk onluğa daxil olan digər Avropa hava limanı Danimarkanın Billund Hava Limanı olub. Hava limanı uçuşların vaxtında icrası üzrə 8,1 bal qazanıb. Sərnişin təcrübəsi sahəsində 8,7, rahatlıq və xidmətlər üzrə isə 7,7 bal toplayaraq yüksək nəticə göstərib.

Reytinqdə növbəti Avropa təmsilçisi İspaniyanın Bilbao Hava Limanıdır. O, ümumi siyahıda 21-ci yerdə qərarlaşıb. Bilbao Hava Limanı uçuşların dəqiqliyi üzrə 8,4, sərnişin təcrübəsi üzrə 8,0, infrastruktur və rahatlıq baxımından isə 7,0 bal əldə edib.

Mütəxəssislər qeyd edirlər ki, son illərdə sərnişinlər üçün hava limanlarının yalnız nəqliyyat qovşağı deyil, həm də rahat və keyfiyyətli xidmət göstərən məkan olması getdikcə daha vacib meyara çevrilib. Bu səbəbdən reytinqlərdə təkcə uçuşların vaxtında yerinə yetirilməsi deyil, ümumi sərnişin təcrübəsi də əsas göstəricilərdən biri hesab olunur.

Ləman Sərraf


Bənzər xəbərlər