Başqasını bloklayıb onun fotoları ilə saxta profil açanları hansı cəza gözləyir?
Sosial şəbəkələrdə bəzi şəxslər başqasının fotolarını paylaşaraq, həmin istifadəçini bloklayıb onun xəbəri olmadan adından saxta hesab yaradırlar. Bu cür hallar həm şəxsi hüquqların pozulması, həm də hüquqi məsuliyyət məsələlərini gündəmə gətirir.
Bəs başqa şəxsin fotolarından istifadə edərək, onu blokladıqdan sonra adından saxta profil açmaq qanun pozuntusudurmu və buna görə hansı məsuliyyət nəzərdə tutulur? Vəkil cavablandırır.
Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, başqasının fotoşəkillərindən icazəsiz istifadə edərək saxta profil yaratmaq şəxsi hüquqların pozulması sayılır və hüquqi məsuliyyət yarada bilər:
“Sosial şəbəkələrdə başqa şəxsə məxsus fotoşəkillərin onun razılığı olmadan götürülməsi, həmin şəxsin bloklanması və sonradan onun adı ilə saxta profil yaradılması hüquqi baxımdan ciddi pozuntu hesab oluna bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə görə hər bir şəxsin öz təsviri, şəxsi həyatı və şəxsiyyətinə dair məlumatlar üzərində hüquqları qorunur. Başqasının fotoşəkillərindən icazəsiz istifadə etmək şəxsi qeyri-əmlak hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Xüsusilə həmin şəkillərdən istifadə etməklə saxta hesab yaradılması şəxsin nüfuzuna və işgüzar reputasiyasına zərər vurduqda hüquqi məsuliyyət yaradır. Belə hallarda zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək fotoşəkillərin silinməsini və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər”.

R. Vəliyev qeyd edir ki, saxta profil vasitəsilə başqasının adından hərəkət etmək və ictimaiyyəti aldatmaq hüquqi məsuliyyəti ağırlaşdıra bilər:
“Bu məsələ ilk növbədə mülki hüquq müstəvisində şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə əlaqədardır. Əgər saxta hesab vasitəsilə həmin şəxsin adından yazışmalar aparılırsa və ya ictimaiyyət aldadılırsa, məsuliyyət daha da ağırlaşa bilər. Belə hərəkətlər bəzi hallarda dələduzluq, şəxsi məlumatlardan qanunsuz istifadə və ya digər hüquq pozuntularının tərkibini yarada bilər. Saxta profil vasitəsilə böhtan və ya təhqir xarakterli məlumatlar yayılarsa, həmin əmələ görə ayrıca hüquqi məsuliyyət yaranır”.
Vəkilin sözlərinə görə, başqasının adı və fotoşəkli ilə onun razılığı olmadan saxta profil yaratmaq mülki, inzibati və bəzi hallarda cinayət məsuliyyətinə səbəb ola bilər:
“Şəxsin nüfuzuna zərər vurulması mənəvi zərərin ödənilməsi tələbi üçün əsas hesab edilir. Eyni zamanda, şəxsi məlumatların qanunsuz emalı ilə bağlı inzibati məsuliyyət də tətbiq oluna bilər. Hüquq-mühafizə orqanları konkret hadisənin hallarını araşdıraraq əmələ uyğun hüquqi qiymət verirlər. Təkcə fotoşəklin paylaşılması ilə saxta şəxsiyyət yaratmaq arasında hüquqi nəticələr baxımından ciddi fərq mövcuddur. Başqasının kimliyini təqlid etməklə sosial şəbəkə hesabı açmaq və bu hesabı real şəxs kimi təqdim etmək qanunla qorunan hüquqlara müdaxilə hesab edilir. Buna görə də başqa şəxsin fotoşəkillərindən və adından onun razılığı olmadan istifadə edərək saxta profil yaratmaq həm mülki-hüquqi, həm inzibati, bəzi hallarda isə cinayət-hüquqi məsuliyyətə səbəb ola bilər”.
Cəmilə Cəfərzadə






