Biləcəri sakinləri gecə saatlarınadək davam edən canlı musiqidən narazıdırlar - VİDEO
Patrul.az redaksiyasına müraciət edən Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir qrup sakini qəsəbə ərazisində fəaliyyət göstərən “Retro Kafe” adlı obyektlə bağlı narazılıqlarını ifadə ediblər.
Sakinlərin iddiasına görə, sözügedən iaşə obyektində gecə saatlarınadək canlı musiqi proqramları təşkil olunur. Bildirilir ki, bəzi hallarda musiqi sədaları gecə saat 02:00-dan 04:00-dək davam edir ki, bu da ətraf ərazidə yaşayan sakinlərin istirahətinə ciddi maneə yaradır.
Müraciətdə qeyd olunur ki, yüksək səs-küy səbəbindən xüsusilə azyaşlı uşaqların, yaşlı insanların və səhər tezdən işə gedən vətəndaşların normal istirahət etməsi çətinləşir. Sakinlər məsələ ilə bağlı dəfələrlə narahatlıqlarını bildirdiklərini, lakin problemin hələ də həllini tapmadığını iddia edirlər.
Şikayətçilər aidiyyəti dövlət qurumlarından məsələni araşdırmağı, obyektin fəaliyyətinin qüvvədə olan qayda və normalara uyğunluğunu yoxlamağı, eləcə də sakinlərin rahatlığının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini xahiş edirlər.
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






