“Dində Məhərrəm ayında toy, şənlik etməklə bağlı qadağa yoxdur” - Tural İrfan
“Məhərrəm ayı hicri-qəməri təqvimin ilk ayıdır. Bu ayda bir çox hadisələr baş verib ki, ən yadda qalanı və faciəlisi isə Həzrət Muhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin şəhid olmasıdır. Əslində faciənin böyüklüyü, Həzrət Hüseynin ailəsi, yaxın silahdaşları ilə birgə, xüsusi amansızlıqla qətlə yetirilməsi hadisənin yanğısını bir qədər də artırmışdır”.
Bu sözləri Patrul.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, İslam dinində, Peyğəmbərin ənənəsində 3 gündən artıq yas saxlamaq, matəm tutmaq olmasa da bu faciənin böyüklüyü müsəlmanları, hər il bu faciəni yada salmağa, anmağa təşviq etmişdir:
“İslam dini və şəriəti bu faciədən əvvəl tamamlanıb yekunlaşdığı üçün Məhərrəm ayında xüsusi ayinlər, ibadətlər keçirilməsi haqqında Peyğəmbərin göstərişi yoxdur. Lakin Əhli Beytin davamçılarının ənənələrinə görə İmam Hüseynin xatirəsi yad edilməli, dualar olunmalıdır. Hadisədən doğan ibrətlər müsəlmanlara xatırladılmalı, bu ayda Allaha daha çox yaxınlaşılmalıdır. Ümumiyyətlə İslam dinində, Həzrət Muhəmməd Peyğəmbərin göstərişlərində matəm günləri, yas ayları deyə bir müəyyənlik yoxdur. İslam dini axirətə inamı, ölümün yoxluq deyil, əksinə əbədiyyət olduğunu tərənnüm edən nikbin din olduğuna görə bu dində ağlaşma, matəm, bədbinlik yoxdur. Lakin zamanla təhriflər, xurafatlar qarışıb və bir qədər də müəyyən təbəqənin emosional yanaşması Məhərrəm ayını matəm ayı kimi təqdim edib. Əslində haqq-ədalət, ilahi və insani dəyərlər uğrunda Allah yolunda şəhid olub hər iki dünyada böyük ad qazanmış adama ağlamaq, yas tutmaq yox, onu təbrik etmək, uğurlamaq, dua etmək lazımdır. Yəni, İslamın, Quranın vəhy məntiqi bunu deyir”.

Həmsöhbətimiz bildirib ki, vaxtilə Büveyhilər, Fatimilər, Səfəvilər kimi quruluşlar məzhəbçi ideoloji xətt seçdikləri üçün İmam Hüseynin şəhadət ayından siyasi proqramlarında istifadə ediblər:
“Mitinq xarakterli yürüşlərlə şüarlar və bayraqlarla əks, rəqib tərəfə qarşı propaqanda aparıblar. Bir növ Kərbəla hadisənin anım tarixini siyasi və ideoloji məqsədlər üçün istismar ediblər. Lakin bu, yolverilməzdir. Ölkəmizə də bu məsələ İran vasitəsi ilə gəlib çatıb. İrana da İraqdan gəlib. Əslində isə İmam Hüseynə yas saxlamaq, matəm tutmaq İslam dininə uyğun deyil. İmam Hüseyn təkcə Məhərrəm ayında deyil, ilin bütün aylarında yad edilməlidir. Necə ki, şəhidlər yad edilir”.
“Toy və şənlikləri isə ehtiram olaraq yaxşı olar ki, başqa vaxta salsınlar. Baxmayaraq dində Məhərrəm ayında toy, şənlik etməklə bağlı qadağa yoxdur. Lakin din adətə, ənənəyə hörmətlə yanaşmağı da əmr edir. Doğrudur, tarixi baxımdan bu matəm və aksiyalar keçirilib, bizə də gəlib çatıb. Amma toy və şənliklər keçirmək dini cəhətdən qadağan olunmasa da ictimai ehtiram naminə xüsusilə Aşura gününə alınmasa yaxşıdır”,- deyə o, fikirlərini yekunlaşdırıb.
Ləman Sərraf






