Dünyanın ən təhlükəsiz ölkələri açıqlanıb: Qlobal Sülh İndeksi 2026-nın nəticələri
Dünyada münaqişələrin və təhlükəsizlik risklərinin artdığı bir dövrdə səyahət planlaşdıran insanlar üçün təhlükəsizlik amili getdikcə daha vacib meyara çevrilir. Bu baxımdan, dünyanın ən etibarlı ölkələrini müəyyən edən Qlobal Sülh İndeksi (Global Peace Index – GPI) 2026 hesabatı açıqlanıb.
Patrul.az-ın məlumatına görə, 163 ölkə və ərazini əhatə edən indeks dünyanın ən genişmiqyaslı sülh reytinqi hesab olunur. Qiymətləndirmə zamanı ictimai təhlükəsizlik, daxili və beynəlxalq münaqişələrin səviyyəsi, eləcə də hərbiləşmə dərəcəsi daxil olmaqla 23 müxtəlif göstərici nəzərə alınıb.
Hesabata görə, dünyada ümumi sülh səviyyəsi son bir ildə daha da pisləşib. Ölkələrin 99-da vəziyyət zəifləyib, yalnız 62 ölkədə yaxşılaşma qeydə alınıb. Hazırda 119 ölkə 2008-ci illə müqayisədə daha az təhlükəsiz hesab olunur.
Araşdırmada qeyd edilir ki, hazırda dünyada İkinci Dünya müharibəsindən bəri ən çox dövlətlərarası silahlı münaqişə müşahidə olunur. Sudan vətəndaş müharibəsi, Ukraynadakı müharibə, eləcə də İsrail, ABŞ və İran arasında yaşanan gərginlik beynəlxalq təhlükəsizlik mühitini daha həssas vəziyyətə gətirib.
Bütün bu proseslər fonunda İslandiya artıq ardıcıl 19-cu dəfə dünyanın ən sülhsevər və təhlükəsiz ölkəsi seçilib. Ölkədə daimi ordu yoxdur, cinayətkarlıq səviyyəsi olduqca aşağıdır və cəmiyyətdə qarşılıqlı etimad yüksəkdir. Hesabat müəllifləri İslandiyanın digər ölkələri “əhəmiyyətli fərqlə” qabaqladığını bildirirlər.
Reytinqdə ikinci yeri Yeni Zelandiya tutub. Ölkə Asiya-Sakit Okean regionunda ən aşağı münaqişə göstəricilərinə malik dövlət kimi qiymətləndirilib.
İlk beşlikdə yer alan digər ölkələr isə bunlardır:
1. İslandiya
2. Yeni Zelandiya
3. İsveçrə
4. Sloveniya
5. İrlandiya
Xüsusilə Sloveniyanın son illərdə Avropanın ən təhlükəsiz və sakit ölkələrindən biri kimi mövqeyini gücləndirdiyi vurğulanır.
Hesabatın əks tərəfində isə dünyanın ən az təhlükəsiz ölkələri yer alıb. Reytinqə görə, Rusiya hazırda dünyanın ən qeyri-sabit və təhlükəli ölkəsi hesab olunur. Sonrakı yerlərdə Sudan, Konqo Demokratik Respublikası, Ukrayna və İsrailqərarlaşıb.
Regional göstəricilərə gəldikdə isə, Qərbi və Mərkəzi Avropa dünyanın ən sülhsevər regionu olaraq qalır. Ən aşağı nəticələr isə Yaxın Şərq və Şimali Afrika regionunda qeydə alınıb. Son bir ildə yalnız Şərqi Avropa və Mərkəzi Asiyaregionunda ümumi yaxşılaşma müşahidə olunub.
Mütəxəssislər hesab edirlər ki, qlobal münaqişələrin artması səbəbindən hökumətlər səyahət xəbərdarlıqlarını genişləndirirlər. Buna görə də beynəlxalq səfərlər planlaşdırarkən təhlükəsizlik reytinqləri əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.
Ləman Sərraf






