“Düşünən insanlara ehtiyacımız var.“ - Sosial media üzrə ekspert
“Müasir dövr, texnologiyanın sürətlə inkişaf etdiyi və həyatın demək olar ki, bütün sahələrini əhatə etdiyi bir mərhələyə qədəm qoyub. Bu inqilabın ən güclü simalarından biri süni zəka – maşınların insan düşüncəsini təqlid etməsi kimi təqdim olunur. Lakin bu alətin faydaları qədər, onun təhlükələri də vardır. Mən bu təhlükələrdən birinə diqqət çəkmək istəyirəm: Yalanın miqyası və sürəti süni zəka ilə artır.
Əvvəllər bir yalanın yayılması zaman və əmək tələb edirdi. İndi isə süni zəka vasitəsilə, yalanın istehsalı avtomatikləşib, yayılması sürətlənib və görünüşü reallığa daha çox bənzəyib.
Bu isə doğru ilə yalanın arasındakı sərhədi silməkdədir.
Süni zəka vasitəsilə saxta xəbərlər yüzlərlə variantda bir neçə saniyəyə hazırlanır, səslər və üzlər “deepfake” texnologiyası ilə təqlid edilir, hətta insanlar olmayan xatirələrə inanmağa başlayırlar.
Yalan, tarix boyu insanın daxili mübarizəsi olmuşdur. Lakin indi bu mübarizə tək-tək insanlar arasında deyil, bütöv cəmiyyətlərlə texnologiya arasında baş verir.
Mən inanıram ki, süni zəka nə yaxşı, nə də pisdir. O, sadəcə bir gücdür. Amma bu güc, insan əxlaqı ilə tənzimlənməzsə, nəticəsi fəlakət ola bilər. Əgər biz yalanın bu miqyasda yayılmasına səssiz qalsaq, gələcək nəsillər doğru deyil, sadəcə real görünən şeylərə inanmağa başlayacaq.
Bu manifest, texnologiyanın kor-koranə tərifinə qarşı bir etirazdır. Hədəfim süni zəkanı inkar etmək deyil, onu məsuliyyətlə istifadə etməyə çağırmaqdır. Əgər bu texnologiya ilə davam edəcəyiksə, ilk növbədə doğrunu müdafiə etmək üçün düşünən insanlara ehtiyacımız var.”
Səməndər Niftəliyev
Sosial media üzrə ekspert