Ergin Atamandan Olympiacos azarkeşlərinə sərt mesaj: “Sonda qələbəni qeyd edən tərəf biz olacağıq”
Patrul.az xəbər verir ki, Yunanıstanın “Panathinaikos” basketbol klubunun baş məşqçisi Ergin Ataman “Olympiacos”la keçirilən oyundan sonra diqqətçəkən açıqlamalar verib.
Türkiyəli mütəxəssis bildirib ki, qarşılaşma zamanı bəzi azarkeşlər Türkiyəyə qarşı təhqiramiz şüarlar səsləndiriblər.
“Mən türk olmaqdan qürur duyuram. Eyni zamanda qardaş ölkə kimi gördüyüm Yunanıstana və yunan xalqına böyük sevgi və hörmət bəsləyirəm”, – deyə Ataman vurğulayıb.
O qeyd edib ki, azarkeşlərin oyunlara bayraqlarla gəlməsi onların haqqıdır. Lakin Ataman rəqib komandanın heyəti ilə bağlı diqqətçəkən məqama da toxunub:
“Dünən Yunanıstan Liqasının final seriyasının üçüncü oyununda komandanız meydana bir nəfər belə Yunanıstan milli komandasının oyunçusunu çıxarmadı. Mən isə komandamızın heyətində çıxış edən dörd yunan milli komanda üzvünün Yunan basketboluna verdiyi töhfə ilə fəxr edirəm.”
Ergin Ataman sonda komandasının mübarizə ruhundan qürur duyduğunu bildirərək iddialı mesaj verib:
“Hər şey bitəndə meydanda qələbəni qeyd edən tərəf biz olacağıq.”







