Ölkəmizdə dostluq münasibətlərinin zəiflədiyi, tənhalığın isə artdığı müşahidə olunur. Xüsusilə gənclər arasında mobil telefon və sosial şəbəkələrdən həddindən artıq istifadə real həyatda ünsiyyətin azalmasına və assosiallaşmaya səbəb olur.

Bəs bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Bu mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Patrul.az-a açıqlamasında gənclərə bir sıra tövsiyələrini bölüşüb.

Onun sözlərinə görə, insanların virtual dünyada həddindən artıq vaxt keçirməsi onlarda təkcə assosiallaşmaya deyil, həm də münasibətlərin süniləşməsinə səbəb olur:

“Təəssüf ki, son dövrlərdə dostluqların azalması təkcə mobil telefonlardan istifadənin artması ilə bağlı deyil. Bu, eyni zamanda insanlar arasında duyğuların zəifləməsinin nəticəsidir. Mobil telefon sadəcə bu prosesi sürətləndirən amildir. İnsan özünü tanıya, kimliyini kəşf edə bilmir. Halbuki effektiv ünsiyyət nəticəsində insan kiməsə qarşı səmimi dostluq hissi formalaşdırır və duyğularını rahat ifadə edə bilir. Telefon arxasında isə bu hisslər gizlənir və insanlar onları göstərə bilmirlər.

Bu gün bir çox insan bir-birinə “canım”, “ürəyim”, “aşkım” kimi xitablar edir. Lakin bu sözlər çox vaxt səmimi hisslərdən deyil, vərdişdən irəli gəlir. “Ürəyim” ifadəsini məcazi mənada işlətsək də, hər bir insanın özünəməxsus yeri və dəyəri var. Necə ki, ürəklə qaraciyərin funksiyaları fərqlidir, insanlar da anlamalıdırlar ki, hər kəsə eyni formada müraciət etmək düzgün deyil. Bütün bunlar ünsiyyətin azalmasına, münasibətlərin süniləşməsinə və həqiqi dostluğun tədricən yox olmasına gətirib çıxarır”.

media-inshot_20260702_221429882

Psixoloqun fikrincə, uzunmüddətli dostluğun təməlində özgüvən dayanır:

“Tövsiyəm odur ki, bacardığınız qədər bir-birinizi dinləyin və canlı ünsiyyət qurmağa çalışın. Bu zaman təkəbbürlü deyil, özgüvənli olun. Çünki özgüvən təkcə insanın özünə deyil, qarşı tərəfə də güvən hissi aşılayır.

Təkəbbür isə insanda “”mən hamıdan güclüyəm, ağıllıyam” düşüncəsini formalaşdırır. Bu cür düşüncə tərzi dostluq münasibətlərinin zəifləməsinə səbəb olur. Bunun qarşısını almaq üçün özgüvəninizi, psixoloji immunitetinizi və şəxsi potensialınızı inkişaf etdirin. Qarşınızdakı insanı olduğu kimi qəbul edib anlamağa çalışsanız, dostluqlarınız da daha möhkəm və uzunömürlü olacaq”.

Gülbəniz Səfərova