media-img_0795

Son vaxtlar saytlarda dezinformasiyalar geniş yayılıb. Bəzi məlumatlar dəqiqləşdirilmədən xəbər saytlarında yerləşdirilir, lakin sonra öz təsdiqini tapmır.
Məlum olduğu kimi, ötən günlərdə sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında Əməkdar artist Çingiz Əhmədovun ölüm xəbəri yayılmışdı. Lakin sonradan aktyorun özü açıqlama verərək, xəbərin yalan olduğunu bildirmişdi.
Qeyd edək ki, bundan əvvəl də mətbuatda məşhurların “öldüyü”, sonra da “dirildiyi”nin şahidi olmuşuq. “Ölüb-dirilən” məşhurların bəziləri bu cür xəbərləri qəzəblə qarşılayıb, bəziləri isə etinasız yanaşıb.
Bəs mətbuat orqanlarının bu cür xəbərləri yaymaqda məqsədi nədir?
Patrulaz.az məsələ ilə bağlı Əməkdar jurnalist, ictimai xadim və professor Qulu Məhərrəmlinin fikirlərini öyrənib.
Həmsöhbətimiz bildirib ki, məşhur adamların saxta ölüm xəbərlərini yaymaq bizim medianın köhnə xəstəliyidir:
“Zaman-zaman biz bu cür yalan xəbərlərin yayılmasının və təkzib olunmasının şahidi oluruq. Təbii ki, bu cür addımların əsas səbəbi qeyri-peşəkarlıqdır. Bu, mediaya, ictimaiyyətə, haqqında xəbər yaydıqları həmin şəxslərə olan hörmətsizlikdir. Əgər bir məlumat dəqiqləşdirilməyibsə, onu necə yaymaq olar?!”.

media-7b4d998e-ab24-4502-9415-e3d8aa2ec636

“Hesab edirəm ki, belə xəbərləri yaymaqda məqsəd sensasiya yaratmaq, İP qazanmaq və guya, məşhur olmaqdır. Əlbəttə ki, bütün bunlar əks-effekt yaradır. Ona görə də redaksiyalar, özünə hörmət edən media qurumları bu cür xəbərləri yaymaqdan çəkinməlidir. Ola bilər ki, kiminsə başına bir iş gəlsin və ya dünyasını dəyişsin. Amma bunu dəqiqləşdirməyin qaydası var. Bu zaman peşəkarlıq instinkti oyaq olmalıdır ki, belə bir məlumatı dəqiqləşdirmədən yaymayasan”,- deyə əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər