Məşhur sousun az bilinən tarixi: Bir vaxtlar dərman kimi istifadə olunurdu
Bu gün ketçup dünyanın ən məşhur souslarından biri hesab olunur. Hamburgerdən kartof qızartmasına qədər saysız-hesabsız yeməyin ayrılmaz hissəsinə çevrilən bu məhsulun keçmişdə apteklərdə dərman kimi satıldığını isə çox az adam bilir. Maraqlıdır ki, ketçupun qida məhsulundan əvvəl müalicə vasitəsi kimi tanınması onun tarixində ən qeyri-adi faktlardan biridir.
Patrul.az-ın araşdırmasına görə, ketçupun dərman kimi istifadə olunmasının əsası 1830-cu illərdə qoyulub. Həmin dövrdə amerikalı həkim Con Kuk Bennet pomidorun sağlamlıq üçün faydalı olduğunu iddia edərək pomidor tərkibli ketçupun həzm problemləri, ishal və hətta sarılıq kimi xəstəliklərin müalicəsində kömək edə biləcəyini irəli sürüb. Onun fikirləri qısa müddətdə böyük maraq doğurub və pomidor ekstraktından hazırlanan preparatlar bazarda yayılmağa başlayıb.
Bir müddət sonra bəzi istehsalçılar vəziyyətdən istifadə edərək ketçupun təsirləri barədə həddindən artıq şişirdilmiş reklamlar aparmağa başladılar. Hətta bu məhsulun sınıq sümükləri sağaltdığı və müxtəlif ağır xəstəlikləri müalicə etdiyi iddia olunurdu. Elmi əsası olmayan bu vədlər zamanla insanların etibarını sarsıtdı və ketçupun “dərman dövrü” sona çatdı.
Müasir ketçupun yaranması isə XIX əsrin sonlarına təsadüf edir. 1876-cı ildə Henri Haynz yetişmiş pomidor, sirkə, şəkər və müxtəlif ədviyyatlardan ibarət yeni resept hazırladı. Bu məhsul həm dadına, həm də daha uzun müddət saxlanıla bilməsinə görə qısa zamanda böyük populyarlıq qazandı. Məhz bu resept sonradan dünyanın ən tanınmış souslarından birinin əsasını qoydu.
Əslində ketçupun tarixi pomidordan da qədimdir. Tədqiqatçılar bildirirlər ki, onun ilk formaları əsrlər əvvəl Cənub-Şərqi Asiyada hazırlanırdı. O dövrdə sous fermentasiya olunmuş balıq içalatı, duz və müxtəlif ədviyyatlardan hazırlanırdı. Ticarət yolları vasitəsilə Avropaya çatan bu resept zamanla dəyişərək göbələk, qoz və digər məhsullarla hazırlanmağa başladı. Nəhayət, Amerikada pomidorun geniş yayılması ketçupun bugünkü formasını yaratdı.
Hazırda sadəcə dadverici kimi qəbul etdiyimiz ketçup əslində olduqca maraqlı və gözlənilməz tarixə malikdir. Bir vaxtlar apteklərdə dərman kimi satılan bu məhsul əsrlər boyu dəyişərək dünyanın ən məşhur qida əlavələrindən birinə çevrilib.
Ləman Sərraf






