media-img-20260609-wa0031

NASA növbəti böyük Ay missiyası olan Artemis III üçün ekipaj heyətini açıqlayıb. Lakin bu missiya çərçivəsində astronavtlar nə Ay səthinə enəcək, nə də ona yaxın məsafəyə qədər uçacaqlar.

Patrul.az xəbər verir ki, əvvəlcə Artemis III missiyasının 1972-ci ildə həyata keçirilən Apollo 17-dən sonra Aya ilk pilotlu eniş missiyası olması planlaşdırılırdı. Layihəyə əsasən, iki astronavt Ayın cənub qütbü yaxınlığında səthə enməli və burada təxminən bir həftə qalmalı idi.

Lakin NASA bu ilin fevral ayında planlarını dəyişərək missiyanın yalnız Yerə yaxın orbitdə həyata keçiriləcəyini açıqlayıb. Beləliklə, Artemis III Beynəlxalq Kosmik Stansiyanın fəaliyyət göstərdiyi hündürlükdən bir qədər kənara çıxacaq və Ay üçün nəzərdə tutulmuş prototip eniş aparatları ilə birləşmə əməliyyatları həyata keçirəcək.

NASA-nın rəhbəri Cared Ayzekman bildirib ki, missiya Ay səthinə enişi əhatə etməsə də, indiyədək həyata keçirilən ən mürəkkəb kosmik əməliyyatlardan biri olacaq.

Onun sözlərinə görə, bu missiya tarixdə ən genişmiqyaslı ağır yük raketlərinin koordinasiyalı buraxılışlarını tələb edəcək və hökumət qurumları ilə kosmik sənayedə çalışan mütəxəssislərin birgə fəaliyyətinə əsaslanacaq.

Missiyanın komandiri NASA astronavtı Rendi Bresnik olacaq.

İtaliya Kosmik Agentliyinin nümayəndəsi Luka Parmitano Artemis III missiyasının pilotu təyin edilib. O, indiyədək kosmosda 300 gündən çox vaxt keçirib.

ABŞ-li astronavtlar Andre Duqlas və Frank Rubio isə missiyanın mütəxəssis üzvləri kimi ekipajda yer alacaqlar.

Ehtiyat heyət üzvü kimi isə Bob Heints seçilib. Təcrübəli sınaq pilotu olan Heints kosmosda 170 gün xidmət edib və zərurət yaranacağı təqdirdə missiyada istənilən vəzifəni yerinə yetirə biləcək.

Ləman Sərraf


Bənzər xəbərlər