Ox və bıçaqla hücum etdi, amma həyat yoldaşı onu bağışladı
İngiltərədə 57 yaşlı Stiven Karr həyat yoldaşına qarşı həyata keçirdiyi şiddətli hücuma görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 2023-cü ilin 8 sentyabr gecəsi baş verib. Ancaq diqqət çəkən əsas məqam ağır şəkildə hücuma məruz qalan Lorna Karrın ərindən şikayətçi olmaması olub.təhlükəsizlik kameraları
Karr ilə həyat yoldaşı Lorna arasında həmin gecə başlayan mübahisə tezliklə zorakılığa çevrilib. “Bu gecə öləcəksən”, deyərək hədələyən Karr əvvəllər idman yarışlarında istifadə etdiyi güclü ox atan yayını götürərək evin içində Lornanı təqib etməyə başlayıb. Üç metal uclu ox atan Karr, Lornanı yalnız otaq qapısını bağlayaraq xilas olmağa vadar edib, oxlardan biri qapıya sancılıb.
Yayı yararsız hala salmaq üçün ipini kəsməyə çalışan Lorna bu dəfə ərinin mətbəxdən bıçaq götürdüyünü görüb. Karr onu yataq otağına qədər izləyərək üz nahiyəsinə yayı ilə zərbə endirib və bir daha “Bu gecə öləcəksən” deyərək qorxudub.
O, daha sonra üç ox da atsa da, heç birini dəqiq nişan ala bilməyib. Ardınca isə həyat yoldaşının bel nahiyəsinə altı dəfə bıçaq zərbəsi endirib.
Hadisə zamanı Lorna təcili yardım xəttinə zəng edərək: “Məni öldürmə, Stiv! Ananı düşün!”, deyə yalvarıb.
Baş vermiş hadisələr Karrın yaşlı anasına nəzarət məqsədilə quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınıb.
Hadisədən sonra Karr evin bağçasındakı köhnə daxmaya gizlənib və polis tərəfindən orada saxlanılıb. Həyat yoldaşı Lorna isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məhkəmədə ifadə verən Karr həmin gecə sərxoş olduğunu və baş verənləri xatırlamadığını bildirib. O, həmçinin həyat yoldaşının ona daim nəzarət etdiyini hiss etdiyini deyib. Lakin məhkəmə bu bəhanələri qəbul etməyib.
Hakim hadisəni “planlı, qəfil və dayanmadan davam edən hücum” kimi adlandırıb. Məhkəmə nəticəsin “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə təqsirli bilinərək 17 il həbs və 3 il nəzarətdə olmaqla ümumilikdə 20 il azadlıqdan məhrum edilib.
Hadisənin ən təəccüblü məqamlarından biri isə zərərçəkənin məhkəməyə yazdığı məktub olub. Lorna Karr ərini şəfqətli və anlayışlı bir insan kimi təsvir edib, bu hadisənin bir daha təkrarlanmayacağına inandığını və onu bağışladığını bildirib.
Bu hadisə ailədaxili zorakılıq hallarındakı emosional asılılıqların və psixoloji təzyiqlərin nə qədər mürəkkəb olduğunu bir daha göstərdi.
Ləman Sərraf