Qəzzaya yardım aparan gəmi dron hücumuna məruz qaldı
Qəzzaya yardım aparan gəmi dron hücumuna məruz qalıb.
Patrulaz.az “BBC” istinadən xəbər verir ki, Qəzzaya humanitar yardım aparan “Vicdan” adlı gəmiyə Malta sahillərində dronlarla hücum edilib.
Fəallar və Azadlıq Donanması Koalisiyası bildirir ki, gəmi beynəlxalq sularda yerli vaxtla saat 00:23-də hədəfə alınıb və hücumdan dərhal sonra SOS siqnalı göndərilib. Hücumun məsuliyyəti rəsmi olaraq heç kim tərəfindən üzərinə götürülməsə də, fəallar bunun arxasında İsrailin dayandığını ehtimal edir.
“Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. İsrailin qeyri-qanuni mühasirəsinə meydan oxuduğumuz üçün mülki gəmi hədəfə alındı”, – deyə koalisiya bəyanatında bildirib.
Qeyd edək ki, Malta hökuməti gəmidə 12 ekipaj üzvü və 4 fəalın olduğunu, QHT isə ümumilikdə 30 fəalın iştirak etdiyini açıqlayıb. Hücum nəticəsində gəminin generatorunun sıradan çıxması onun batmaq təhlükəsi ilə üzləşməsinə səbəb olub.
Xatırladaq ki, son aylarda İsrailin Qəzzaya giriş-çıxışı tamamilə bağlaması və bölgəyə ərzaq, yanacaq, dərman daxil olmaqla bütün yardım növlərini əngəlləməsi beynəlxalq narazılığa səbəb olub.
Gülbəniz Səfərova