Trampın süni intellektlə yaratdığı papa libasındakı şəkli narazılıqla qarşılandı
ABŞ Prezidenti Donald Trampın süni intellekt vasitəsilə özünü Roma Papası kimi göstərən şəklini sosial mediada paylaşması böyük narazılığa səbəb olub.
Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, Tramp bu şəklini ilk olaraq “Truth Social” platformasında yayımlayıb. Ardınca həmin şəkil Ağ Evin rəsmi “X” və “Instagram” hesablarında da paylaşılıb.
Şəkildə Tramp papalıq libasında, boynunda iri qızıl xaçla təsvir olunub. Görüntü Roma Papası Fransiskin dəfnindən cəmi bir həftə sonra yayımlandığı üçün xüsusilə böyük narazılıq yaradıb. Din xadimləri və ictimaiyyət bu paylaşımı qeyri-etik və təxribat xarakterli hesab ediblər.
Hətta Respublikaçılar Partiyasının bəzi üzvləri də bu paylaşımı tənqid ediblər. Sosial şəbəkədə yayılmış bəyanatda bildirilir: “Papa kimi özünün şəklini yerləşdirmək bütün dünyada katoliklərə qarşı birbaşa təhqirdir. Bu tam dəlilikdir”.
Qeyd edək ki, Vatikanın sözçüsü Matteo Bruni məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Onun sözlərinə görə, hazırda yeni Roma Papasının seçilməsi ilə bağlı konklav prosesi davam edir və bu dövrdə bu cür paylaşımlara qarşı daha həssas yanaşılır.
Gülbəniz Səfərova