Ukrayna parlamenti ABŞ-lə strateji sazişi ratifikasiya etdi
Ukrayna parlamenti ABŞ-lə faydalı qazıntılar üzrə sazişi ratifikasiya edib.
Patrulaz.az “RT”yə istinadla xəbər verir ki, ratifikasiya ilə bağlı keçirilən səsvermədə 338 deputat lehinə səs verib, əleyhinə səs verən olmayıb. Müqavilə ABŞ-ə Ukraynanın strateji minerallarına güzəştli çıxış imkanı verir və ilk 10 il ərzində ölkənin yenidən qurulması üçün nəzərdə tutulan investisiya fondunun əsasını təşkil edir.
Baş nazirin birinci müavini Yuliya Svırıdenko X platformasında yazıb: “Bu sənəd sadəcə hüquqi razılaşma deyil, əsas strateji tərəfdaşla yeni qarşılıqlı fəaliyyət modelinin təməlidir”. O, eyni zamanda sazişə dair narahatlıqlara cavab olaraq qeyd edib ki, investisiya fondu yaxın həftələrdə fəaliyyətə başlayacaq və uğuru ABŞ-nin iştirak səviyyəsindən asılı olacaq.
Qeyd edək ki, ratifikasiya qərarı Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başlanmasından sonra bu günədək Kiyevə yönəlmiş ən mühüm iqtisadi və strateji addımlardan biri kimi qiymətləndirilir. ABŞ-nin təqdim etdiyi 30 günlük atəşkəs təklifini dəstəkləyən Ukrayna tərəfi Rusiyanı bu plana əhəmiyyət verməməkdə ittiham edir.
Gülbəniz Səfərova