Vaşinqton və Kiyev arasında sərvət bölgüsü: Yeni investisiya fondu yaradılır
ABŞ və Ukrayna təbii sərvətlər üzrə gəlir bölgüsü haqqında razılıq əldə edib.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, Ukrayna aylarla davam edən danışıqlardan sonra Kiyevin təbii sərvətlərindən gələcək gəlirlərin bölüşdürülməsi ilə bağlı mühüm saziş imzalayıb.
Yeni imzalanmış müqaviləyə əsasən, ABŞ Ukraynanın qrafit, titan, litium kimi strateji minerallar və enerji ehtiyatlarının gələcək satışından əldə olunacaq gəlirlərə ortaq olacaq. Bu saziş ABŞ-nin Ukraynanın müdafiəsi və müharibədən sonrakı yenidən qurulmasına sərmayə yatırmağa davam etməsi üçün iqtisadi əsas yaratmağı hədəfləyir. Müqavilə həmçinin ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılmasını da əhatə edir. Fond ABŞ-nin müharibə başlayandan bəri Kiyevə verdiyi milyardlarla dollar dəyərində dəstəyə cavab olaraq formalaşdırılıb.
ABŞ maliyyə naziri Skott Bessent sazişin əhəmiyyətini vurğulayaraq bildirib: “Bu, Ukraynanın artım aktivlərinin açılmasına kömək edəcək və hər iki tərəfin Ukraynada davamlı sülh və firavanlığa sadiq olduğunu nümayiş etdirir”.
Ukraynanın baş nazirinin müavini Yuliya Svırıdenko isə X platformasında paylaşdığı açıqlamada qeyd edib: “Yeni fond ölkəmizə qlobal sərmayələri cəlb edəcək və faydalı qazıntı, neft və qaz layihələrini əhatə edəcək”.
Saziş Ukraynanın təbii sərvətlərinə sahibliyini saxlaması şərti ilə 50:50( 50% ABŞ, 50% Ukrayna) əməkdaşlıq əsasında həyata keçiriləcək və ölkə parlamenti tərəfindən ratifikasiya olunmalıdır.
Saziş eyni zamanda, ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, əlavə hərbi yardım göstərməsini nəzərdə tutur. Donald Trampın administrasiyası isə bu müqaviləni Kiyevə gələcək təhlükəsizlik zəmanətlərinin verilməsi üçün ilkin şərt kimi irəli sürmüşdü.
Qeyd edək ki, bu razılaşma ABŞ-nin nadir torpaqlar sahəsində Çin asılılığını azaltmaq cəhdləri əsasında baş verir. Hazırda dünyada mövcud olan nadir torpaq ehtiyatlarının 90 faizi Çindən alınır.
Gülbəniz Səfərova