İstanbuldan Bakıya 2 milyonluq qızıl-brilyant keçirmək istədilər - FOTOLAR
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat-axtarış tədbirləri əsasında xüsusilə külli miqdarda qızıl məmulatlarının qanunsuz yollarla keçirilməsinə cəhd halının qarşısı alınıb.
Komitədən Patrul.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının “Terminal 1”- gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı çamadanın içərisindən gömrük orqanına bəyan edilməyən 2 milyon 440 min 344 manat dəyərində, ümumi kütləsi 10 kiloqram 883,82 qram təşkil edən qızıldan hazırlanmış məmulatlar və 0,60 qram çəkidə 3 karat brilyant qaş aşkar olunub.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Qızıl məmulatları, izi azdırmaq məqsədilə Dubaydan İstanbula, oradan isə digər şəxs tərəfindən Bakıya gətirilib.







