14-cü əsrin tarixi Ramana qalası acınacaqlı vəziyyətə salınıb - VİDEO
Bakı şəhəri, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən tarixi Ramana qalası ciddi baxımsızlıq və laqeydlik səbəbindən acınacaqlı vəziyyətə salınıb.
Patrulaz.az xəbər verir ki, Ramana kənd sakini Azad Xəlilovun çəkdiyi görüntülərə əsasən, qalanın ətrafı dağıntılarla doludur, daşlar yerindən düşüb, ərazidə ilanlar məskunlaşıb, həmçinin məişət tullantıları atılıb. Qalanın qapısındakı məlumat lövhəsi isə vandalizmə məruz qalaraq, yazılarla görünməz vəziyyətə salınıb.
Problemin ən acınacaqlı tərəfi isə odur ki, milli mədəniyyətimizin dəyərli abidəsinə bu şəkildə laqeyd yanaşma turistlərin də diqqətindən qaçmır. Qalanı ziyarət edənlər onun baxımsız vəziyyətindən narazı qalaraq şəkil çəkdirməkdən imtina edirlər.
Sakin Azad Xəlilovun sözlərinə görə, qalada hətta uşaqlar da yıxılaraq xəsarət alıblar. O, vəziyyət barədə Qobustan Dövlət Tarix-Bədii Qoruğuna məlumat verdiyini, lakin aidiyyatı qurumların cavabında işlərin gecikdiyini eşitdiyini qeyd edir. Onun sözlərinə görə, qala artıq bir ildir ki, eyni baxımsız vəziyyətdə qalır.
Onu da qeyd edək ki, Ramana qalası 2001-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Maraqlıdır ki, bu qiymətli tarixi abidənin qapısının kilidlənərək turistlərin ziyarətinə bağlanması nə dərəcədə məqsədəuyğundur.
A. Xəlilov qalada yaranmış zibillik və təhlükəli vəziyyətin aidiyyəti dövlət qurumları tərəfindən tezliklə aradan qaldırılmasını xahiş edir.
Qeyd edək ki, Ramana qalası 14-cü əsrdə müdafiə məqsədilə inşa olunmuşdur. Təəssüf ki, hazırda onun tarixi görkəmi və önəmi itmək üzrədir.
Gülbəniz Səfərova






