207 saylı məktəbdə "Son zəng" məşqi mübahisəyə çevrildi - Şagird gözətçini...
Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə “Son zəng” məşqi zamanı şagirdlərlə gözətçi arasında insident yaşanıb.
Patrulaz.az “Oxu.Az”a istinadən xəbər verir ki, iyunun 6-da XI sinif şagirdləri məktəb rəhbərliyinin razılığı və rəqs müəllimlərinin iştirakı ilə təhsil müəssisəsinin həyətində tədbirə hazırlıq məşqləri keçirdikləri zaman məktəbin gözətçisi bu məşqlərə mane olub. Məktəbdən verilən məlumata görə, hadisə zamanı şagirdlər yalnız iradlarını bildirib, fiziki müdaxilə və ya təzyiq olmayıb.
Məktəbin açıqlamasında qeyd edilir: “Şagirdlərlə gözətçi arasında kiçik mübahisə yaşanıb. Bu səbəbdən məktəb rəhbərliyi tərəfindən valideynlər və sinif rəhbərlərinin iştirakı ilə görüş keçiriləcək, profilaktik söhbətlər aparılacaq və nəzarət tədbirləri gücləndiriləcək”.
Qeyd edək ki, hadisənin iyunun 5-də baş verdiyini, bəzi iddialarda isə şagirdlərdən birinin gözətçiyə qarşı bıçaq çıxardığını bildirmişdi. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, ötən ay sosial şəbəkələrdə bu məktəbin keçmiş direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı. İddialara görə, səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirə buraxılmayacağını bildirirdi. Daha sonra direktor vəzifəsindən azad edilmişdi.






