50-dən çox media nümayəndəsinə "Media subyektləri üçün kibertəhlükəsizlik” mövzusunda təlim keçirildi - VİDEO
14 may tarixində media nümayəndələrinin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Media subyektləri üçün kibertəhlükəsizlik” mövzusunda seminar və təlim təşkil olunub.
Patrulaz.az-ın verdiyi məlumata görə, tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX), eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgə tərəfdaşlığı ilə reallaşdırılıb.
Təlimdə media subyektlərinin kiberdayanıqlılığının artırılması, İT infrastrukturunun gücləndirilməsi və müasir kibertəhdidlərə qarşı effektiv mübarizə yolları müzakirə olunub. Tədbirdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ETX-nin rəisi Samir Rəsulov çıxış ediblər. Onlar kibertəhlükələr fonunda medianın roluna və bu sahədə baş verən real kiberinsidentlərə diqqət çəkiblər.
“Media subyektləri informasiya cəmiyyətində mühüm rol oynayır və onların kiberdayanıqlılığı birbaşa informasiya təhlükəsizliyinə təsir edir,” – deyə Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov bildirib.
Təlim zamanı iştirakçılara fişinq və sosial mühəndislik texnikaları, bulud xidmətlərinin təhlükəsiz istifadəsi, sosial media hesablarının qorunması və kiberinsidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib. Sessiyalarda yerli mütəxəssislərlə yanaşı, İsrailin “Technion” Texnologiya İnstitutu və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçiləri də çıxış ediblər.
Təlim zamanı elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov təhlükəsizliyin birbaşa rəhbərlikdən başladığını vurğulayaraq, kibertəhlükəsizliklə bağlı tədbir və təlimlərin dövlət səviyyəsində keçirilməsinin vacibliyini qeyd etdi.
Təlim zamanı Elektron Təhlükəsizlik Xidmətinin Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə çıxışı zamanı insan faktoru ilə baş verən kiberhücunların, yəni insanların adi bir səhvi ilə meydan gələn kibertəhdidlərdən danışdı. Onun sözlərinə görə, insan faktoru ilə baş verən kiberhücumları azaltmaq mümkün olmasa da, bunun üçün müəyyən addımlar atılmalıdır.
Qeyd edək ki, tədbirdə 50-dən çox media subyektinin nümayəndəsi iştirak edib və təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Gülbəniz Səfərova