"Avtomobilində bu avadanlıqları olmayanlar cərimələnə bilərlər" - Xəbərdarlıq
Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında avtomobildə müəyyən avadanlıqların olması vacib sayılır. Xüsusilə apteçka, qəza üçbucağı və yanğınsöndürən sürücünün həm öz təhlükəsizliyi, həm də yol hərəkətində digər iştirakçıların təhlükəsizliyi üçün zəruridir. Yol polisinin yoxlamaları zamanı bu əşyaların olmaması müəyyən edilərsə, sürücülərin məsuliyyətə cəlb olunub-olunmaması maraq doğurur.
Bəs, avtomobildə bu avadanlıqların olmaması sürücülərə cərimə tətbiq edilməsinə səbəb ola bilərmi?
Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, avtomobildə apteçka, qəza üçbucağı və yanğınsöndürən olmadıqda sürücüyə 40 manat cərimə tətbiq edilə bilər:
“Bir çox sürücünü maraqlandıran suallardan biri də budur:
Avtomobildə apteçka, qəza üçbucağı və yanğınsöndürən olmadıqda polis cərimə tətbiq edə bilərmi?
Bu avadanlıqlar avtomobildə məcburidirmi?
Bəli, məcburidir.
Yol hərəkəti qaydalarına əsasən, nəqliyyat vasitəsində aşağıdakı avadanlıqlar mütləq olmalıdır:
– Tibbi apteçka;
– Qəza dayandırma nişanı (üçbucaq);
– Yanğınsöndürən;
Bu avadanlıqlar yol-nəqliyyat hadisəsi zamanı ilkin təhlükəsizliyin təmin edilməsi, yaralanan şəxslərə ilk tibbi yardımın göstərilməsi, yanğın riskinin qarşısının alınması üçün nəzərdə tutulub. Bu avadanlıqlar olmadıqda İXM-in 342.1-ci maddəsinə əsasən cərimə tətbiq edilə bilər.
Əgər avtomobil yol hərəkətində iştirak edirsə (yəni hərəkətdədirsə), və yoxlama zamanı bu avadanlıqların heç biri və ya bir neçəsi yoxdursa, sürücüyə 40 manat məbləğində cərimə tətbiq edilə bilər”.

Hüquqşünas qeyd edir ki, cərimə yalnız avtomobil hərəkətdə olduqda tətbiq olunur, amma bu avadanlıqlar təhlükəsizlik üçün həmiş ə mövcud olmalıdır:
“Vacib məqam budur ki, cərimə avtomobil faktiki olaraq istismar edilərkən (hərəkətdə olduqda) tətbiq olunur.
Əgər avtomobil sadəcə park edilmiş vəziyyətdədirsə, sürücü yol hərəkətində iştirak etmirsə, bu halda cərimə mübahisəli hesab olunur və sürücü onunla razılaşmaya bilər. Bu ləvazimatlar gündəlik istifadə üçün deyil, fövqəladə hallar üçündür. Lakin qanunvericilik baxımından “lazım olanda tapılar” yanaşması qəbul edilmir, avtomobil istənilən vaxt təhlükəli vəziyyət yarada biləcəyi üçün bu avadanlıqlar əvvəlcədən mövcud olmalıdır.
Avtomobilə minməzdən əvvəl apteçkanın tam və istifadə müddətinin keçmədiyini, yanğınsöndürənin işlək vəziyyətdə olduğunu, qəza üçbucağının avtomobildə olduğunu yoxlayın. Bu, təkcə cərimədən yayınmaq üçün deyil, öz təhlükəsizliyiniz və başqalarının həyatı üçün vacibdir”.
Cəmilə Cəfərzadə






