media-inshot_20250904_133712126

Rusiya və Azərbaycan arasında son bir neçə ildə müşahidə olunan gərginlik əsasında sentyabrın 3-ü tarixində Vladimir Putinin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında səsləndirdiyi bəyanat diqqət mərkəzinə çevrilib. Kreml rəhbəri iki ölkə arasında mövcud problemlərin olduğunu qeyd edərək, bunların zamanla həll olunacağına əminliyini bildirib. Bu açıqlama Moskva tərəfində müəyyən yumşalma əlaməti kimi qiymətləndirilsə də, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Bakıdakı rusiyalıların azad edilməsi ilə bağlı çağırışı, əslində, münasibətlərin hələ də həssas məqamlarla müşayiət olunduğunu göstərir.

Bütün bunlar əsasında tərəflər arasında yaxın dövrdə real görüş və ya münasibətlərdə dönüş baş verəcəkmi?

Bu barədə Milli Məclisin Müdafiə Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev Patrulaz.az-a açıqlamasında bildirib ki, Moskva üçün ikitərəfli münasibətlərdə əsas məsələ həbsdə olan Rusiya vətəndaşlarının azad olunmasıdır. Lakin Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlaması ilə kimsənin azad olunması inandırıcı görünmür:

“Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı bitdikdən sonra Rusiya Prezidenti Vladimir Putin mətbuat üçün açıqlama verib. Azərbaycan-Rusiya münasibətlərində gərginlik fonunda bu bəyanat diqqət çəkib. O, münasibətlərin tarixi dostluq üzərində qurulduğunu bildirib və eyni zamanda dialoqa hazır olduqlarını qeyd edib. Məncə, bu, Moskvanın ritorikasında Azərbaycanla siyasətdə müəyyən yumşalma əlamətidir.

Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlamaları isə konkret tələb xarakteri daşıyır. Moskvanın ikitərəfli münasibətlərdə əsas diqqət yetirdiyi məqam həbsdə olan Rusiya vətəndaşlarının azad olunmasıdır. Lakin bu kimi bəyanatlar XİN səviyyəsində mütəmadi səsləndirilir və Zaxarovanın açıqlaması ilə kimsənin azad olunması inandırıcı görünmür. Çünki hər bir şəxs törətdiyi cinayətə görə məsuliyyət daşıyır və yalnız məhkəmə proseslərindən sonra bu məsələyə aydınlıq gətirilə bilər”.

A.Nağıyev sentyabrın 1-də ATƏT-in Minsk qrupunun ləğvinə də münasibət bildirib. Deputat qeyd edib ki, Rusiya artıq verilən bu qərardan dərs alaraq Azərbaycanla Ermənistanın sülh prosesinə doğru irəliləməsinə mane olmamalıdır:

“ATƏT-in Minsk qrupunun ləğvinə gəldikdə isə, uzun illər aparıcı həmsədr kimi çıxış edən Rusiya münaqişə dövründə də, müharibədən sonra da yalnız deklarativ bəyanatlarla kifayətlənib və real addımlar atmayıb. Bu gün sülhün bərqərar olması ilə Minsk qrupu faktiki olaraq tarixə qovuşub. Artıq Finlandiya rəhbərliyi də onun ləğv edildiyini bəyan edib və bu, qayıdışı olmayan prosesdir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Bakının əsas tələblərindən biri məhz Minsk qrupunun ləğvi idi. Rusiya istəsə də, istəməsə də, bu, artıq faktdır”.

media-img-20250904-wa0009

 

Deputatın sözlərinə görə, həbsdəki Rusiya vətəndaşlarının azadlığa buraxılması məsələsi humanitar jest kimi gündəmə gəlsə də, bu məhkəmə prosesi ilə öz həllini tapmalıdır. Onun fikrincə, Bakı və Moskva arasında real görüş yalnız Rusiyanın addım atması ilə gerçəkləşə bilər:

“Yaxın vaxtlarda görüşlərin keçirilməsi ehtimalı var. Məncə, Putinin açıqlamaları yumşaldıcı ritorika kimi qiymətləndirilə bilər. Əsas məqam isə odur ki, Prezident İlham Əliyev Çin səfərindən öncə “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibəsində Azərbaycanın qəti mövqeyini ortaya qoyub. Ona görə də beynəlxalq səviyyəli görüşlər BMT Baş Assambleyası, MDB və ya digər sammitlər çərçivəsində baş tuta bilər. Ancaq indidən konkret görüş barədə proqnoz vermək çətindir.

Moskva da son addımlardan görür ki, Ermənistan–Azərbaycan münasibətlərində artıq beynəlxalq müstəvidə yekun həllə yaxınlaşılır. Azərbaycan öz müstəqil daxili və xarici siyasəti ilə münaqişəni bitirib. Rusiya isə vasitəçi statusunu zəiflədib və regiondakı prosesləri üçtərəfli formatda idarə edə bilmədi. Buna baxmayaraq, Moskvanın “müsbət” reaksiyası əslində strukturun faydasız olduğunu qəbul etməsindən irəli gəlir.

Düşünürəm ki, rəsmi Bakı öz mövqeyini qoruyacaq. Təbii ki, hələ dialoq üçün imkanlar açıqdır. Lakin münasibətlərin sabitləşməsi üçün ilk addımı Rusiya atmalıdır. Həbsdəki Rusiya vətəndaşları məsələsi humanitar jest kimi gündəmə gələ bilər, lakin bu, məhkəmə prosesi ilə həll olunmalıdır. ABŞ və Avropa İttifaqının Ermənistana artan dəstəyi Rusiyanı narahat edir. Ona görə də Azərbaycan kimi ciddi tərəfdaşın itirilməsi Moskva üçün ağır nəticələrə səbəb ola bilər. Sanksiyaların genişlənməsi fonunda Rusiya üçün Şimal–Cənub dəhlizi prioritet istiqamət sayılır və burada Azərbaycanın rolu böyükdür. Buna görə də Moskva Cənubi Qafqazda yeni qarşıdurma istəmir. Ukrayna müharibəsi şəraitində başqa bir cəbhə açmaq Rusiya üçün çox təhlükəli nəticələr doğura bilər.

Bir sözlə, yaxın vaxtlarda Moskva ilk addımı atarsa, müəyyən təmasların olması mümkündür. Azərbaycan isə öz diplomatik mövqeyini və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasəti qoruyaraq, Rusiya ilə münasibətləri sabitləşdirə bilər. Minsk qrupunun ləğvi isə artıq tarixi bir faktdır və bu, Azərbaycan diplomatiyasının və dövlət başçısının qətiyyəti nəticəsində əldə olunmuş mühüm qələbədir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər