DSX mayoruna hücumda təqsirləndirilənlər hakim qarşısına çıxdılar
Yanvar ayında Dövlət Sərhəd Xidməti (DSX) mayoruna qarşı edilən hücumla bağlı açılmış cinayət işi üzrə ilk məhkəmə mərhələsi keçirilib.
Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə hazırlıq iclası baş tutub. Proses zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və işin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub. Növbəti məhkəmə prosesi iyunun 25-nə təyin edilib.
İttihama görə, 2024-cü il yanvarın 4-də Bakının Xətai rayonunda baş vermiş insident zamanı bir qrup idmançı, o cümlədən təqsirləndirilən şəxslər DSX-nin mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. Onlara qarşı CM-nin 221.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə (xuliqanlıq, ağır bədən xəsarəti yetirmə və silahdan istifadə ilə müşayiət olunan zorakılıq) ittiham irəli sürülüb.
Faktla bağlı saxlanılan digər şəxslər arasında Emil Hümbətov, Elvin Məmmədov və Ramal Aslanov da var. Məlumata görə, hadisənin sifarişçisinin Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu bildirilir.
Qeyd edək ki, Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov isə polis nəzarətinə verilib.
İstintaq araşdırmaları davam etdirilir.






