Böyükşor-Pirşağı yolundakı sıxlıqla bağlı NİİM-dən AÇIQLAMA
Böyükşor-Pirşağı yolunda müşahidə edilən nəqliyyat sıxlığının svetoforların iş rejimi ilə bağlı olduğu iddia edilirdi. Lakin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bu iddiaları təkzib edərək, sıxlığın yaranmasının əsas səbəblərinin fərqli olduğunu açıqlayıb.
Mərkəzin mətbuat katibi Ömər Xıdırov Patrulaz.az-a verdiyi açıqlamada bildirib ki, həmin yolda svetoforun yaşıl işığı sağa hərəkət edən nəqliyyat vasitələri üçün daimi yanır. Bu da sürücülərin Pirşağı qəsəbəsi istiqamətinə rahat və təhlükəsiz keçidini təmin edir. Buna görə də, sıxlığın yaranmasının svetoforlarla əlaqəsi yoxdur.
Müşahidələr göstərir ki, sıxlığın əsas səbəbi bəzi sürücülərin manevr qaydalarına düzgün əməl etməmələri və əks zolağa çıxmalarıdır. Bu cür qayda pozuntuları yalnız yolda tıxacların yaranmasına səbəb olmur, eyni zamanda, yol-nəqliyyat hadisələri riskini də artırır.
NİİM sürücülərə yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələri və qaydaları pozaraq digər hərəkət iştirakçılarına mane olmamaları ilə bağlı çağırış edib. Mərkəz, həmçinin, bu kimi qayda pozuntularına qarşı nəzarətin gücləndirildiyini və aidiyyəti qurumlarla birlikdə tədbirlər görüldüyünü bildirib.
Yolda təhlükəsiz və maneəsiz hərəkətin təmin olunması üçün bütün sürücülərin məsuliyyətli davranması və qaydalara əməl etməsi vacibdir.