Bu adam mağazaları gəzib yalan bəhanələrlə pul alır - VİDEO
Bakının Nərimanov rayonunda yerləşən mağazalardan birində fırıldaqçılıq qeydə alınıb. Naməlum şəxs özünü qonşu kimi təqdim edərək mağaza işçisini aldadıb və ondan pul alaraq yoxa çıxıb.
Patrulaz.az-a verilən məlumata görə, hadisə aprelin 3-də Tələt Şıxəliyev küçəsində yerləşən mağazalardan birində baş verib. Naməlum şəxs mağaza işçisinə qonşu mağazada işlədiyini bildirib və fəhlələrin mal boşaldacağını bəhanə edərək 200 manat pul istəyib. O, pulu 5 -10 dəqiqəyə qaytarıram adıyla alaraq mağazanı tərk edib və geri qayıtmayıb.
Hadisə mağazadakı müşahidə kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə həmin şəxsin işçiyə “Şirkətin maşını doludu qapının ağzında, görmürsünüz?” deyə sual verdiyi, ardınca isə pulu alaraq uzaqlaşdığı əks olunub.
Şikayətçilərdən biri sosial şəbəkələrdə həmin şəxsin görüntüsünü və videosunu yayaraq vətəndaşlara xəbərdarlıq edib: “Bu adam mağazaları gəzib yalan bəhanələrlə pul alır. Heç kim inanmasın, diqqətli olun.”
Xatırladaq ki, son zamanlar paytaxtda müxtəlif üsullarla edilən dələduzluq hallarında artım müşahidə olunur və hüquq-mühafizə orqanları vətəndaşları daha ehtiyatlı olmağa çağırır.
Gülbəniz Səfərova