media-inshot_20260707_150310636

Dünən paytaxtda liftə minmək istəyən azyaşlını sərt şəkildə itələyərək yerə yıxan yetkin şəxsin kobud və yersiz hərəkəti sosial şəbəkələri alt-üst etdi. Cəmiyyətdə haqlı etiraz və narazılığa səbəb olan bu görüntülərdən sonra hüquq-mühafizə orqanları da məsələyə səssiz qalmadı. Belə ki, həmin şəxsin 29 yaşlı Ayxan Ağalarov olduğu müəyyən edilərək dərhal saxlanıldı. Daha sonra isə uşağın autizm spektr pozuntusundan əziyyət çəkdiyi də məlum oldu.

Görüntülərdə ən sarsıdıcı məqam odur ki, birinci itələmə cəhdində uşaq bunu sadəcə bir “zarafat” kimi qəbul edərək gülümsəyir. Lakin növbəti – daha sərt itələmədən sonra o, bərk şəkildə yerə yıxılır.

Bununla bağlı Patrul.az-a fikirlərini bölüşən kliniki uşaq psixoloqu Nuriyyə Quliyeva cəmiyyətimizdə bu cür insanların mövcudluğunu, onların psixoloji vəziyyətini və belə şəxslərlə qarşılaşdıqda necə davranmalı olduğumuzu şərh edib:

“Valideynin öz paylaşımında uşağın autizm spektr pozuntusu olduğu vurğulanıb. Çox təəssüf ki, belə hallarla rastlaşırıq. Əfsuslar olsun ki, bu hadisədə tərəflərdən biri yetkin bir insandır, qarşısındakı isə özünü müdafiə edə bilməyən azyaşlı uşaqdır. Uşağın liftə minmək istəyini həmin şəxs kobud şəkildə qarşılayır. Lift hər kəsin istifadə etdiyi ictimai məkandır. Kiminsə başqasının liftə daxil olmasına qadağa qoymaq, bunu istəməmək və ya etiraz etmək hüququ yoxdur. Əgər hər hansı şəxsin liftdə olarkən xüsusi narahatlığı yaranarsa, özü oradan düşə bilər.

Üstəlik, nəyəsə etiraz etməyin də öz qaydası var. Həmin şəxs müdafiəsiz uşağa birbaşa fiziki zor tətbiq edib. Azyaşlı isə xüsusi qayğıya ehtiyacı olduğu üçün (autizm) bunu həmin anda başa düşmür və ehtimal belə etmir ki, qarşısındakı insan bunu ciddi edir və təhlükəlidir. Ona görə də uşaq ilk itələmə cəhdini zarafat kimi qəbul edib və gülümsəyərək reaksiya verib”.

Həmsöhbətimiz yetkin şəxsin azyaşlıya qarşı bu cür davranışının psixoloji tərəflərini də təhlil edib:

“Bu kimi şəxsləri psixoloji cəhətdən təhlil etdikdə görürük ki, belə davranış nümayiş etdirən insanlarda empatiya hissi çox zəif olur. Onlar qarşısındakı insanın nə hiss etdiyini dərk edə bilmirlər. Buna görə də aqressiv reaksiyalar verə bilirlər. Bundan başqa, qəzəblərini idarə etməkdə çətinlik çəkirlər. Nəticədə bu cür kobud davranışlar sərgiləyirlər.

Belə insanlarda özünü təsdiq etmək üçün gücünü zəif insanların üzərində tətbiq etmə halları da müşahidə olunur. Onlar daxilən zəif olurlar. Buna görə də öz gücündə və ya özündən güclü insanlarla qətiyyən mübahisəyə girmirlər. Amma özlərindən zəif olan, məsələn, kiçik uşaq və ya qadın gördükdə onlara qarşı fiziki zorakılıq göstərməyə meyilli olurlar.

Başqa tərəfdən yanaşsaq, bəlkə də bu cür davranışın altında yatan səbəblər ailə daxilində sevgisizlikdir. Ümumilikdə həmin şəxsin sağlam olmayan bir mühitdə böyüməsi də bunu ehtimal etdirir. Çünki insanın davranışındakı bu cür hərəkətlərin böyük hissəsi ailədən aldığı travmalardan qaynaqlana bilər. Həmçinin ola bilər ki, ailəsi mərhəmətli olsun, amma kobudluq göstərən həmin şəxsin dost çevrəsi kifayət qədər kobud insanlardan ibarət olsun”.

media-nuriyye-quliyeva

N. Quliyeva sonda valideynlərə çağrış edərək, bu kimi situasiyalarda uşaqların necə davranmalı olduqları ilə bağlı əsas məqamlara da toxunub:

“Belə situasiyalarla rastlaşdıqda ilk növbədə uşaqlara hazırlıqlı, sakit, təmkinli və yaxşı müşahidəçi olmağı öyrətməliyik. Təbii ki, biz hər şeyə nəzarət edə bilmərik. Bəzən qarşımıza səbəbsiz və kobud reaksiya verən insanlar çıxa bilər. Yəni mənim övladım qarşısındakı şəxsə heç bir narahatlıq yaratmadığı halda, həmin insan öz yaşına uyğun olmayan şəkildə reaksiya verə bilir. Valideynlər bu cür məqamları uşaqlara onları qorxutmadan, mülayim şəkildə ehtiyatlı olmağı izah etməklə başa salmalıdırlar.

Belə situasiyalarda sakit qalmağı, əgər qarşıdakı insan kobudluq edirsə, orada israrla qalmamağı və dərhal ərazidən uzaqlaşmağı öyrətmək lazımdır. Yaxşı müşahidəçi olmaqla yanaşı, kobud davranan və təhqiramiz ifadələr işlədən insanlardan mümkün qədər uzaq durmağı uşaqlara aşılamaq vacibdir.

Əgər baş vermiş bu hadisədə uşaq normativ inkişaf edən uşaq olsaydı, ilk itələmədən sonra dərhal oradan uzaqlaşardı. Amma azyaşlı xüsusi qayğıya ehtiyacı olduğu üçün (autizm) həmin an baş verənləri təhlil edə bilməyib. Çünki autizmli uşaqlar saf olurlar, pislik düşünmürlər. Həmin uşaq da düşünüb ki, qarşısındakı insan ona kobudluq etməz. Amma təəssüf ki, həmin şəxs daha da şiddətli şəkildə uşağa qarşı davranıb. Hətta mimikalarına diqqət yetirdikdə onda heç bir peşmançılıq və ya narahatlıq hissi müşahidə olunmur”.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər