“Bu il Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb edir” - ƏHMƏD İSMAYILOV
“Cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır”.
Patrulaz.az xəbər verir ki, bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən Forumda çıxışı zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, bu il Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb edən, yaddaqalan illərdən hesab olunur: “Zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir.
Fürsətdən istifadə edərək, bu əlamətdar tarixi hadisənin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı tarixi sərəncama və peşəkar jurnalistikanın inkişafına göstərdiyi daimi diqqət və qayğısına görə Cənab Prezidentə ölkəmizin media ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istərdik!
1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmışdır”.
Ə.İsmayılov qeyd edib ki, ictimai proseslərin media müstəvisində işıqlandırılmasına həsr olunan ikinci Forum cəmiyyət həyatının bir çox istiqamətlərinə həsr olunmuş panel müzakirələrlə davam edəcəkdir.