media-inshot_20260107_150425935

Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.

Bu qida əlavəsi haqqında nələri bilməliyik? Əsl kənd toyuğunu necə ayırd edə bilərik?

Patrul.az mövzu ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamova müraciət edib.

O bildirib ki, tartrazin bəzi içkilər, jelatinlər və s. kimi məhsullar üçün nəzərdə tutulmuş, yəni toyuq üçün nəzərdə tutulmamış bir qida əlavəsidir:

“Təbii ki, bu məhsul doza həddini aşmamaq şərti ilə istifadə olunur. Doza həddi aşılmadığı təqdirdə istifadəsi təhlükəsiz hesab olunur və ciddi problem yaratmır. Yəni bu, rəsmi şəkildə qida əlavəsi kimi tanınan bir rəngverici maddədir.

Amma tartrazin alergendir. Bu o deməkdir ki, müəyyən risk qrupuna daxil olan insanlar üçün təhlükə yarada bilər. Bura astma, bronxit kimi tənəffüs xəstəliklərindən əziyyət çəkən şəxslər, yüksək allergik həssaslığı olan insanlar, xüsusilə hamilə qadınlar, uşaqlar, yaşlılar, kimyəvi müalicə (ximioterapiya) alan şəxslər və ümumilikdə immun sistemi zəif olan insanlar daxildir. Bu insanlar tartrazin tərkibli məhsullardan uzaq durmalıdır. Ən çox da bronxial problemləri olan insanlar üçün risk böyükdür. Bu, məsələnin bir tərəfidir”.

media-inshot_20260107_150048809

Mütəxəssia məsələnin digər və daha ciddi tərəfindən də söz açıb:

“Tartrazin toyuq üçün nəzərdə tutulmayıb. Yəni bu maddənin toyuqda istifadəsi birbaşa qanun pozuntusu, əslində cinayətdir. Onun hansı dozada istifadə olunduğu da məlum deyil. Təbii ki, toyuğa o rəngi vermək üçün dozanı aşmaları ehtimal edilir. Bu isə insan sağlamlığı üçün ciddi təhlükədir.

Xüsusilə də yuxarıda qeyd olunan risk qruplarına daxil olan insanlar üçün bu, sağlamlıq baxımından çox təhlükəlidir. Əgər bu cür toyuqlar kənd toyuğu adı altında təqdim olunursa və tartrazinlə rənglənərək istehlakçı aldadılırsa, bu artıq birbaşa dələduzluq və ictimai sağlamlığa təhlükə yaradan cinayət sayılmalıdır.

Belə hallarda müəssisənin fəaliyyəti dərhal dayandırılmalıdır. Sahibkar isə sadəcə yüngül cərimə və ya inzibati cəza ilə məsuliyyətdən yayınmamalıdır. Ağır cəza tədbirləri görülməlidir ki, gələcəkdə bu cür qanunsuzluğu pul ilə ört-basdır edib təkrar edənlər olmasın”.

A.Salamov kənd toyuqlarını broyler və ya çolpa toyuqlardan fərqləndirən bəzi xüsusiyyətləri də qeyd edib:

“Kənd toyuqlarının dərisi bir qədər sərt və qart olur. Broylerlərdə isə dəri daha yumşaq və elastikdir. Həmçinin, kənd toyuqlarının ayaqları daha uzun və möhkəm olur. Bu, onların daha çox hərəkətdə olması ilə bağlıdır.

Bundan əlavə, kənd toyuğunun sinə hissəsi broyler toyuqlarla müqayisədə daha kiçik ölçülüdür. Broylerlərdə sinə (file) daha iri olur, lakin kənd toyuğunda bu nahiyə nisbətən balaca və yığcam olur.

Ətin rənginə gəldikdə isə, broyler toyuqlarda ət adətən ağ və şəffaf çalarlarda olur. Amma kənd toyuqlarında ətin rəngi bir qədər fərqlənir, azca çəhrayı və ya qırmızıya çalan tonlar müşahidə olunur. Bu da kənd toyuqlarının daha təbii şəraitdə yetişməsi ilə bağlıdır.

Piy toxumalarına gəldikdə, kənd toyuqlarında piyin rəngi bütün bədəndə eyni tonda olur. Əgər bir hissəsi tünd-sarı, digər hissəsi açıq-sarıdırsa, bu, həmin toyuğun sırf kənd çolpası olmadığını göstərə bilər. Yəni, kənd toyuğunda piyin rəngi bütün bədən boyu eyni olmalıdır. Piy miqdarı bir qədər çox ola bilər, bu da kənd toyuqları üçün normal və təbii sayılır.

Bu xüsusiyyətlərə diqqət etməklə kənd toyuğunu daha asan tanımaq mümkündür”.

Ləman Sərraf


Bənzər xəbərlər