Hansı universitetlərin diplomları xaricdə üstünlük yaradır? - Mütəxəssisdən Açıqlama
Azərbaycan universitetlərinin diplomlarının xarici ölkələrdə tanınması son illərdə ali təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusilə xaricdə təhsilini davam etdirmək, beynəlxalq şirkətlərdə çalışmaq və ya peşə fəaliyyətini başqa ölkələrdə qurmaq istəyən gənclər üçün diplomların tanınması mühüm əhəmiyyət daşıyır.
Bəs Bakıdakı hansı universitetlərin diplomları xaricdə üstünlük yaradır?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən təhsil məsələləri üzrə mütəxəssis Aidə Əliyeva bildirib ki, xarici ölkələrdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin diplomlarının tanınması məsələsində əsas amil universitetin adı qədər onun akkreditasiyası, beynəlxalq reytinqlərdə mövqeyi, ikili diplom proqramları və məzunun fərdi nailiyyətləridir:
“Ümumiyyətlə, Azərbaycan universitetlərinin diplomları xaricdə tanına bilər, lakin bəzi universitetlərin beynəlxalq nüfuzu daha yüksək olduğuna görə məzunları xaricdə magistratura, doktorantura və iş müraciətlərində əlavə üstünlük əldə edirlər.
Paytaxt Bakı şəhərində yerləşən və xaricdə daha çox tanınan bir neçə universiteti qeyd etmək olar”.

Mütəxəssis Azərbaycandakı təhsil müəssisələri barədə ümumi məlumat verib:
“Ölkəmizin ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti Azərbaycanın ən yüksək beynəlxalq reytinq göstəricilərinə malik universitetlərindən biridir. QS Dünya Universitetləri Reytinqində ilk 1000-likdə yer alır və elmi fəaliyyət göstəriciləri ilə seçilir.
ADA Universiteti tədrisin əsasən ingilis dilində aparılması, beynəlxalq tərəfdaşlıqlar və xarici universitetlərlə əlaqələri səbəbindən xaricdə təhsil davam etdirmək istəyən tələbələr arasında güclü reputasiyaya malikdir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) biznes, iqtisadiyyat və maliyyə sahələrində beynəlxalq əlaqələri və QS reytinqlərində iştirakı ilə seçilir. UNEC 2026-cı il üçün Times Higher Education World University Rankings siyahısında ilk 1000-likdə yer alan yeganə Azərbaycandan universitetdir.
Bakı Mühəndislik Universiteti mühəndislik istiqamətində beynəlxalq layihələrdə iştirak edir və son illərdə beynəlxalq reytinqlərdə görünməyə başlayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti xüsusilə mühəndislik, energetika və neft-qaz sahələrində xarici ölkələrdə tanınan məzun şəbəkəsinə malikdir. QS reytinqlərində yer alır.
Fransa-Azərbaycan Universiteti (UFAZ) Fransanın aparıcı universitetləri ilə əməkdaşlıq əsasında fəaliyyət göstərdiyi üçün Avropada təhsilini davam etdirmək istəyən tələbələr üçün xüsusilə cəlbedici hesab olunur.
Xəzər Universiteti ingilisdilli proqramları və beynəlxalq akademik əməkdaşlıqları ilə tanınır. QS Dayanıqlılıq Reytinqində yer alan Azərbaycanın özəl universitetlərindəndir”.
A.Əliyeva əlavə edib ki, əgər tələbə xaricdə təhsil almaq və işləmək istəyirsə təkcə ölkəmizdə olan ali təhsil müəssisələrində təhsil almaq kifayət etməyə də bilər:
“Bundan əlavə xarici universitetlər və işəgötürənlər çox vaxt yalnız diplomun adına deyil, akademik transkriptə, ingilis dili biliyi (IELTS/TOEFL), tədqiqat fəaliyyəti, təcrübə proqramları və şəxsi bacarıqlara da böyük əhəmiyyət verirlər”.
Ləman Sərraf






