media-inshot_20250903_124309138

Sentyabrın 1-də Prezident İlham Əliyev Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edib. Prezidentin Çinə səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və digər liderlərlə uğurlu görüşləri baş tutub. Bu rəsmi səfər ölkəmizin beynəlxalq arenada aktivliyini bir daha ortaya qoyur.

Keçirilən Sammit üzrə Çin və Azərbaycan münasibətlərini Patrulaz.az-a şərh edən politoloq Aydın Quliyev bildirib ki, Prezident İlham Əliyevin ŞƏT-in Sammitində iştirakı Azərbaycanın beynəlxalq inteqrasiyalardan kənarda qalmaq istəmədiyini bir daha nümayiş etdirir:

“Prezidentin Şanxay görüşü çərçivəsində müxtəlif iki tərəfli iqtisadi, ticarət, investisiya yönümlü və siyasi görüşləri olduqca əhəmiyyətlidir. Xüsusilə də Çinin böyük texnoloji investisiya şirkətlərinin rəhbərləri ilə görüşlər Azərbaycan-Çin əlaqələrinin bu istiqamətdə yeni imkanlar açır. Ölkəmizdə bərpa olunan enerji sahəsinə Çin investisiyasının cəlb olunması, logistikanın rəqəmsallaşdırılması yönündə Pekinin olduqca böyük imkanları var. Eyni zamanda, Çin üçün çox böyük əhəmiyyət kəsb edən Orta Dəhlizin Azərbaycan tərəfindən daha da gücləndirilməsi üçün yeni imkanlar açılır ki, bu da Pekin üçün olduqca vacibdir”.

A.Quliyev Azərbaycanın ŞƏT-ə üzvlüyünün Hindistan tərəfindən bloklanmasına da münasibət bildirib. Onun fikrincə, bu məsələdə Hindistan Putinin göstərişi ilə belə bir addım atıb:

“Azərbaycan Şanxay təşkilatının iştirakçısı olaraq bu qurumun tam hüquqlu üzv olmaq istədiyini bir daha nümayiş etdirdi. Çox təəssüf olsun ki, Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın baş nazirinin görüşündən dərhal sonra Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü blokladı. Bu məsələdə böyük ehtimalla Hindistanın baş naziri Modi məhz Putin tərəfindən Azərbaycana qarşı təşviq olunub. Putin Şanxay təşkilatında təşkilatların inkişafında hər nə qədər maraqlı olsa da, Azərbaycan görünür ki, bu təşkilatda daha sıx inteqrasiyada o qədər də maraqlı deyilmiş. Əgər belə olmasa, Hindistanın Azərbaycanla bağlı qoyduğu blokla bağlı Rusiya tərəfindən hər hansı Azərbaycanı qane edən rəsmi bir açıqlama olmalı idi. Lakin olmadı”.

Politoloq açıqlamasında Prezident İlham Əliyevin ŞƏT Samitində dəhlizlərin nə qədər iqtisadi, ticarət və investisiya yönümlü perspektivlərə malik olduğunu vurğulamasını yüksək qiymətləndirdi:

“Çox gözəl bir nümayişdir ki, Azərbaycan Prezidenti ölkəmizdən keçən Şimal-Cənub-Şərq-Qərb dəhlizlərinin eyni zamanda bütün Avrasiya üçün böyük bir nəqliyyat-logistika qovşağı olduğunu təqdim edə bildi. Bu da Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətlərarası əlaqələrin daha da genişləndirilməsində və gücləndirilməsində böyük rol oynayacaq.

Bir növ Azərbaycan Prezidentinin bu zirvə iştirakçılığı ölkənin beynəlxalq inteqrasiya səylərində ardıcıllığını nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın beynəlxalq inteqrasiya səylərinə qarşı hansı niyyətlərin və planların olduğunu Hindistan nümunəsində bir daha ortaya qoydu”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər