Hörmüzün açılması dolların ucuzlaşmasına səbəb ola bilər? - İQTİSADÇI AÇIQLADI
ABŞ və İran arasında əldə olunduğu bildirilən geosiyasi razılaşmalar beynəlxalq maliyyə bazarlarında yeni müzakirələrə səbəb olub. Bir sıra iqtisadçılar və maliyyə analitikləri hesab edirlər ki, qlobal siyasi risklərin azalması dolların dünya bazarlarındakı mövqeyinə təsir göstərə və onun müəyyən qədər ucuzlaşmasına səbəb ola bilər. Bu fonda Azərbaycanda da vətəndaşları maraqlandıran əsas suallardan biri dolların məzənnəsində mümkün dəyişikliklərin manatın dəyərinə və alıcılıq qabiliyyətinə necə təsir göstərə biləcəyidir.
Hörmüzün açılması dolların ucuzlaşmasına səbəb ola bilər?
Mövzu ilə bağlı Patrul.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Hörmüz boğazında gərginliyin azalması və enerji daşımalarının normal məcraya qayıtması qlobal bazarlarda neft qiymətlərinin sabitləşməsinə və ya müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər:
“Lakin bunun birbaşa olaraq dolların ucuzlaşacağı anlamına gəldiyini söyləmək doğru olmaz. Dolların məzənnəsinə ABŞ iqtisadiyyatının vəziyyəti, Federal Ehtiyat Sisteminin faiz siyasəti, qlobal kapital axınları və investorların risk gözləntiləri kimi çoxsaylı amillər təsir göstərir.
ABŞ və İran arasında münasibətlərin yumşalması və regional risklərin azalması investorların təhlükəsiz aktivlərə tələbatını müəyyən qədər azalda bilər. Bu isə dolların mövqeyinə qısamüddətli təsir göstərə bilsə də, onun dəyərinin ciddi şəkildə aşağı düşəcəyini deməyə əsas vermir”.

İqtisadçı, Azərbaycan baxımından isə əsas amillərdən birinin neft qiymətləri olduğunu qeyd edib:
“Əgər regional sabitlik nəticəsində neft qiymətləri kəskin ucuzlaşmasa, manatın mövqeyində ciddi dəyişiklik gözlənilmir. Hazırkı şəraitdə manatın məzənnəsinə təsir edən əsas faktor ölkənin valyuta ehtiyatları, neft gəlirləri və Mərkəzi Bankın siyasətidir. Buna görə də Hörmüz boğazının açılması və ya bölgədə gərginliyin azalması dolların və manatın məzənnəsinə dolayı təsir göstərə bilsə də, təkcə bu amil əsasında dolların əhəmiyyətli dərəcədə ucuzlaşacağını proqnozlaşdırmaq çətindir”.
Ləman Sərraf






