media-gemini_generated_image_fmru8cfmru8cfmru

Son dövrlər Azərbaycanda əməkhaqlarının artması ilə bağlı rəsmi statistikalar açıqlansa da, gündəlik həyatda ərzaq və digər istehlak məhsullarının bahalaşması bu artımın əhalinin rifahına real təsiri ilə bağlı suallar yaradır. Xüsusilə paytaxtda maaşların yüksəlməsi fonunda yaşayış xərclərinin də artması, əməkhaqqındakı artımın alıcılıq qabiliyyətini nə dərəcədə yaxşılaşdırdığı barədə müzakirələri aktuallaşdırır.

Rəsmi məlumata görə, 2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artıb. Nəticədə Bakıda çalışanların orta aylıq əməkhaqqı 1385,9 manata çatıb.

Bəs bu göstərici doğrudanmı paytaxt sakinlərinin gəlirlərinin kütləvi şəkildə artdığını göstərir? Yoxsa orta əməkhaqqının yüksəlməsi daha çox yüksək gəlirli sahələrdə çalışanların maaşlarının artması hesabına formalaşan statistik göstəricidir? Bu artım əhalinin real alıcılıq qabiliyyətinə necə təsir edir və sosial təbəqələşməni dərinləşdirirmi?

Mövzu ilə bağlı Patrul.az-a danışan sosioloq Naib Niftəliyev bildirib ki, əməkhaqqının artması müsbət tendensiya sayılsa da, bu göstəricilər regionlarla paytaxt arasındakı sosial-iqtisadi fərqləri də daha aydın göstərir.

Onun sözlərinə görə, sosial təbəqələşmə cəmiyyətin təbii inkişaf prosesinin tərkib hissəsidir və iqtisadi dəyişikliklər fonunda insanların rifah səviyyəsinə birbaşa təsir göstərir:

“Təbəqələşmə cəmiyyətin strukturuna arxalanan təbii bir prosesdir. Bu maaşların müəyyən istiqamətdə artıb-azalması fonunda əhalinin ayrı-ayrı qruplarının sosial rifahının qismən yaxşılaşması və ya geriləməsi prosesidir. Rifah məsələsi isə iki istiqamətdə qiymətləndirilir. Birincisi, insanın daha yüksək gəlirli sosial təbəqəyə keçərək daha əlverişli imkanlar əldə etməsidir. İkincisi isə insanların mövcud gəlirləri ilə gündəlik tələbatlarını qarşılaya bilməsi və həyat səviyyəsini qoruya bilməsidir”.

Ekspertin fikrincə, Azərbaycanda əsas problem yalnız orta təbəqənin kifayət qədər güclü formalaşmamasıdır:

“Cəmiyyətdə əsasən üç sosial təbəqə mövcuddur və onların içərisində ən geniş hissəni orta təbəqə təşkil etməlidir. Azərbaycanda isə bu təbəqənin formalaşması ilə bağlı müəyyən çətinliklər qalmaqdadır.

Orta aylıq əməkhaqqının 1285 manata yüksəlməsi, əlbəttə ki, mühüm göstəricidir. Lakin regionlarda əməkhaqqının orta hesabla 17,8 faiz azalması sosial-iqtisadi qeyri-bərabərliyi açıq şəkildə göstərir.

Düzdür, sosial qeyri-bərabərlik iqtisadi inkişaf prosesinin təbii nəticələrindən biridir. Bununla belə, minimum əməkhaqqı göstəricilərinin və iqtisadi inkişafın sabit dinamikasının qorunub saxlanılması vacibdir. Əks halda, cəmiyyətdə sosial narazılıq arta, yoxsulların, işsizlərin, natamam məşğul əhalinin, eləcə də orta təbəqənin rifah səviyyəsinin yüksəldilməsi və gündəlik qayğılarının təmin olunması çətinləşə bilər. Bu isə ümumilikdə rifah və inkişaf baxımından əlverişli nəticələrin əldə edilməsini çətinləşdirir”.

media-1781012266_89-13

N. Niftəliyev hesab edir ki, vətəndaşın əməkhaqqı onun əsas tələbatlarını rahat şəkildə ödəyə bilməlidir. O bildirib ki, beynəlxalq yanaşmalara əsasən bir saatlıq əməyin dəyəri orta hesabla 7-8 ABŞ dolları səviyyəsində olmalıdır:

“İnsan çalışdığı hər saat üçün orta hesabla 7-8 dollar, yəni təxminən 13 manat gəlir əldə etməlidir ki, gündəlik ehtiyaclarını normal şəkildə qarşılaya bilsin. Əgər bu təmin olunmursa və minimum əməkhaqqı yaşayış xərclərini ödəmir, bu göstəricilərə yenidən baxılmalıdır.

Görünən odur ki, son illərdə bazarda gündəlik istehlak mallarının, xüsusilə də ərzaq məhsullarının qiymətləri dəfələrlə artıb. Lakin əməkhaqqındakı artım 40–50 faizdən yuxarı olmayıb. Orta hesabla 7,8 faizlik azalma fonunda şəhərlərdə müəyyən artım müşahidə olunursa, bu, sənayeləşmənin və tələbatın yüksəlməsinin göstəricisi sayıla bilər. Şəhərlərdə iqtisadi aktivlik və hərəkətlilik daha yüksəkdir. Ancaq kənd yerlərində bu dinamikanın zəifləməsi ikiqat mənfi göstəricidir. Çünki faktiki olaraq durğunluq yaranır. Bu durğunluğun göstəriciləri də yüksək deyil və 7,8 faizlik azalma vəziyyətin sürətlə mənfi istiqamətdə dəyişdiyini göstərir”.

Sosioloq eyni zamanda bildirib ki, uzunmüddətli iqtisadi inkişaf yalnız neft gəlirləri hesabına təmin edilə bilməz. Onun fikrincə, kiçik və orta sahibkarlığın genişləndirilməsi, İT sektorunun inkişafı, sosial xidmətlərin gücləndirilməsi, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması ölkənin sosial rifahına birbaşa təsir göstərən əsas amillərdir:

“Neft sənayesi və ümumilikdə enerji resursları Azərbaycan iqtisadiyyatında hər zaman mühüm rol oynayıb. Böyük ehtimalla, yaxın 30 ildə də bu əhəmiyyətini qoruyacaq. Lakin informasiya texnologiyalarının, xüsusilə süni intellekt və ağıllı texnologiyaların inkişafı da güclü enerji təminatına ehtiyac duyur. Bu isə ayrıca müzakirə mövzusudur.

Bu sahədə inkişaf meyilləri mövcuddur. Bununla yanaşı, sosial, siyasi və iqtisadi problemlərin həlli üçün kiçik və orta sahibkarlıq daha sürətlə inkişaf etməli, xüsusilə sosial xidmət sektoruna diqqət artırılmalıdır. Bu, həm də ərzaq təminatı, ərzaq təhlükəsizliyi, ekoloji təhlükəsizlik və sağlam, stresssiz iş mühitinin formalaşdırılması ilə sıx bağlıdır.

Ekoloji iqtisadiyyat təmiz iqtisadiyyat, sağlam münasibətlər, məsuliyyətli davranış, uzunömürlülük, yüksək rifah və keyfiyyətli təhsil deməkdir. Bütün bunlar çoxölçülü yoxsulluq indeksini tamamlayan mühüm sosial göstəricilərdir. Bu amillər iqtisadi proseslərin tənzimlənməsi, sosial-iqtisadi proqnozlaşdırma və sosial problemlərin optimal həlli zamanı mütləq nəzərə alınmalıdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər