Kredit adı ilə "Tiktok"da dələduzların qurbanı oldu
Ağdam sakini “TikTok” sosial şəbəkəsində gördüyü elanla kredit almaq istəyərkən dələduzluğa uğrayıb.
Patrulaz.az Xəzər TV-yə əsasən xəbər verir ki, zərərçəkmiş Loğman Əşrəfov iddia edir ki, 10 min manat kredit almaq məqsədilə platformada rast gəldiyi bir səhifəyə müraciət edib. Onun sözlərinə görə, səhifənin sahibi əvvəlcə kreditin təsdiqlənməsi üçün 608 manat depozit tələb edib. Əşrəfov bu məbləği göndərdikdən sonra həmin şəxs onu bloklayaraq, əlaqəni kəsib.
Qeyd edək ki, şikayətçi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin indiyədək heç bir nəticə əldə olunmayıb.






