Lənkəranskinin keçmiş silahdaşı olan "qanuni oğru" beynəlxalq axtarışa verildi
Lənkəranskinin keçmiş silahdaşı olan “qanuni oğru” beynəlxalq axtarışa verilib.
Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları kriminal aləmdə yüksək iyerarxiyaya malik olan “qanuni oğru” Merab Canqveladzeyə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.
Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin məlumatına əsasən, Canqveladze kriminal iyerarxiyada “yüksək mövqe tutmaq”da və bir sıra qanunsuz fəaliyyətlərdə ittiham olunur. Onun barəsində cinayət işinin başlanmasına səbəb kimi, mütəşəkkil cinayətkar qruplarla əlaqələri və son dövrlərdə artan aqressiv fəaliyyətləri göstərilir.
Məlumata görə, Rusiya tərəfi artıq onun İtaliyadan ekstradisiyasına dair hüquqi prosedurlara başlasa da, bu prosesin nəticəsi hələ qeyri-müəyyəndir.
Merab Canqveladzeyə ən ağır zərbələrdən biri bu ilin mart ayında kiçik qardaşı Levanın Tbilisidə qətlə yetirilməsi olub. Hadisədən sonra Merab tərəfdarlarını ətrafına toplayaraq, qardaşının ölümündə əli olanlara qarşı açıq şəkildə qisas çağırışı edib. Ekspertlərin fikrincə, bu hadisə onun psixoloji və siyasi mövqeyinə ciddi təsir göstərib.
Qeyd edək ki, Merab və Levan Canqveladze qardaşları bir vaxtlar mərhum azərbaycanlı kriminal lider Rövşən Lənkəranskinin yaxın çevrəsində yer alıblar. Lakin kriminal aləmdə güc balansının dəyişməsindən, xüsusilə də “Ded Xasan”ın qətlindən sonra onların Lənkəranskiyə qarşı mövqe tutduğu bildirilir. Bəzi mənbələrin iddiasına görə, Levan Canqveladze Moskva bazarlarına nəzarət uğrunda baş verən münaqişə zamanı şəxsən Lənkəranskini bıçaqlayıb.