Media nümayəndələrinə kibertəhlükəsizlik üzrə təlim keçirilib
14 may tarixində media nümayəndələrinin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi təlim təşkil olunub.
Patrulaz.az xəbər verir ki, tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX), eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgə tərəfdaşlığı ilə reallaşdırılıb.
Təlimdə media subyektlərinin kiberdayanıqlılığının artırılması, İT infrastrukturunun gücləndirilməsi və müasir kibertəhdidlərə qarşı effektiv mübarizə yolları müzakirə olunub. Tədbirdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ETX-nin rəisi Samir Rəsulov çıxış ediblər. Onlar kibertəhlükələr fonunda medianın roluna və bu sahədə baş verən real kiberinsidentlərə diqqət çəkiblər.
“Media subyektləri informasiya cəmiyyətində mühüm rol oynayır və onların kiberdayanıqlılığı birbaşa informasiya təhlükəsizliyinə təsir edir,” – deyə Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov bildirib.
Təlim zamanı iştirakçılara fişinq və sosial mühəndislik texnikaları, bulud xidmətlərinin təhlükəsiz istifadəsi, sosial media hesablarının qorunması və kiberinsidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib. Sessiyalarda yerli mütəxəssislərlə yanaşı, İsrailin “Technion” Texnologiya İnstitutu və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçiləri də çıxış ediblər.
Qeyd edək ki, tədbirdə 50-dən çox media subyektinin nümayəndəsi iştirak edib və təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Gülbəniz Səfərova