Məşhur oftalmoloq Cahid Şahbazov barəsində cinayət işi açıldı
Vətəndaş Humay Əliyevanın müraciəti əsasında tanınmış oftalmoloq Cahid Şahbazov barəsində cinayət işi başlanıb.
Patrulaz.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb və Cahid Şahbazov istintaqa cəlb olunub.
Xatırladaq ki, bir müddət əvvəl Humay Əliyeva həkim tərəfindən uğursuz əməliyyat olunduğunu və nəticədə bir gözünün görmə qabiliyyətini itirdiyini bildirmişdi. Onun sözlərinə görə, aparılmış tibbi ekspertiza da gözündə əməliyyatın uğursuz olduğunu təsdiqləyib.
Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Humay Əliyevanın videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də reaksiya verərək, oxşar vəziyyətlə qarşılaşdığını qeyd edib.
Digər tərəfdən, oftalmoloq Cahid Şahbazovun vəkili Asim Abbasov məsələ ilə bağlı açıqlama verərək, irəli sürülən iddiaların tamamilə əsassız və böhtan xarakterli olduğunu bildirib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.






