Oqtay Qasımov: "Çin hərbi paradı ilə ABŞ və Qərbə güc nümayişi etdirdi"
Sentyabrın 2-də Çinin paytaxtı Pekində keçirilən hərbi parad dünya ölkələrinin diqqətini çəkib. 1945-ci ilin sentyabrında İkinci Dünya Müharibəsinin bitməsinin və Çin xalqının faşizm üzərində qələbəsinin 80-ci ildönümü bu gün böyük bir tərzdə qeyd edildi. Bu mərasim həm də Çin Xalq Respublikasının tarixi qələbələrini ön plana çıxarmağa xidmət edir. Paradın tarixi şəhər Pekində keçirilməsi Çin üçün də milli qürur mesajıdır. Bu tarixi anı qeyd etməklə yanaşı, Çin paradda ən son istehsal etdiyi raket sistemləri, tanklar, zirehli texnikalar və pilotsuz uçan aparatları nümayiş etdirərək həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj verdi.
Politoloq Oqtay Qasımov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, Çin, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində hərbi parad keçirməklə öz gücünü və ikinci bir qütbün yarandığını dünyaya mesaj verməyə çalışır:
“Çində keçirilən hərbi parad həm də Pekinin özünün güclü nümayişidir. Faktiki olaraq Çin, ŞƏT-in toplantısını İkinci Dünya Müharibəsinin bitməsinin 80 illiyinə həsr etməsi ilə keçirməsi Qərbə, xüsusilə də Amerika Birləşmiş Ştatlarına bir güc göstərişi verir. Belə ki, Pekin bununla həm də ikinci bir qütbün yarandığını nümayiş etdirməyə çalışır”.
Politoloqun sözlərinə görə, Çində keçirilmiş hərbi paraddan sonra bu qənaətə gəlmək olar ki, Rusiya və Pekin çoxqütblü dünya sisteminin yaradılması istiqamətində irəliləməyə davam edirlər:

“Bu paraddan sonra Qərb mediasına diqqət etdikdə əsas qənaət ondan ibarətdir ki, Rusiya və Çin çoxqütblü dünya sistemi yaratmaq istiqamətində addımlara davam etdirirlər və bu ikinci qütbün lideri kimi Çin öz potensialını, gücünü və iddialarını ortaya qoyur. Məhz hərbi parad da Çinin iqtisadi və siyasi gücü ilə bərabər onun hərbi gücünün nümayişi kimi qəbul olunmalıdır. Yəni, Çin lideri faktiki olaraq bu paradda o mesajı vermiş oldu ki, dünyada artıq bir çoxqütblü sistemin sonu çatır və yeni bir dünya nizamının formalaşması prosesi irəliləməkdə davam edir”.
Politoloqun dediklərindən bu qənaətə gəlmək olar ki, hərbi parad Çin üçün yalnız tarixi bir yadigarlıq deyil, eyni zamanda ölkənin gücünü və beynəlxalq arenadakı mövqeyini göstərmək imkanı oldu. Bu mərasim Pekin üçün həm daxili birliyin möhkəmləndirilməsi, həm də gələcəkdə çoxqütblü dünya sistemində rolunu daha da gücləndirmək strategiyasının tərkib hissəsi kimi dəyərləndirilir.
Cəmilə Cəfərzadə






