Paytaxtda növbəti yol yenilənməsi: Fəzail Bayramov küçəsi abadlaşdırıldı
Rahat və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə Xətai rayonu ərazisində yerləşən Fəzail Bayramov küçəsinin bir hissəsində təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Ximətindən Patrul.az-a verilən məlumata görə, ərazidə gündüz saatlarında müşahidə olunan nəqliyyat sıxlığı nəzərə alınaraq, hərəkətin məhdudlaşdırılmaması üçün işlər gecə saatlarında icra olunub.
Məlumata görə, təmir işləri küçənin Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan 270 metrlik hissəsini əhatə edib. Ümumilikdə təxminən 5 500 kvadratmetr sahədə köhnə asfalt örtüyü frezlənib və yeni asfalt-beton örtüyü döşənib.
Aparılan işlər nəticəsində sözügedən hissədə nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin olunub.






