Qarabağla bağlı təhqirlər paylaşan erməni iş adamı həbs edildi - VİDEO
Rusiyada erməni əsilli iş adamı və bloger Areq Şepixin sosial şəbəkələrdə müsəlmanlara və Şimali Qafqaz xalqlarına qarşı səsləndirdiyi nifrət dolu ifadələrə görə həbs olunub.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Moskva məhkəməsi Şepixini ekstremizm işi üzrə 2 ay müddətinə istintaq təcridxanasına göndərib. Məlumata görə, cinayət işinin başlanmasına səbəb onun çeçenlərə və müsəlmanlara qarşı yayımladığı təhqiramiz videolar olub.
Çeçenistan Respublikasının milli siyasət naziri Əhməd Dudayev bu barədə açıqlama verərək bildirib:
“Areq Şepixin heç bir şəkildə oğurlanmayıb. Onun saxlanılması hüquq-mühafizə orqanlarının rəsmi əməliyyatı çərçivəsində həyata keçirilib”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videolarda beş nəfərin orta yaşlı bir şəxsi qara rəngli avtomobilə zorla mindirdiyi görüntülər əks olunub. Hadisənin iyunun 3-də Moskvanın Yaroslavski dəmir yolu vağzalında baş verdiyi bildirilir. Daha sonra həmin avtomobil Kiyevskoye Şosse ərazisində polis tərəfindən saxlanılsa da, Şepixin orada tapılmayıb.
Şepixinin anası yerli mediaya açıqlamasında onun Qarabağ müharibəsinə görə müsəlmanlara qarşı kəskin nifrət formalaşdırdığını deyib. Qadının sözlərinə görə, oğlu Qarabağda döyüşməyib, lakin o, hadisələri çox fəal izləyib və Ermənistanla Azərbaycan arasında münaqişənin nəticələrindən çox narahat olub.
İddialara əsasən, Areq Şepixinin saxlanıldığı avtomobil Çeçenistan rəhbərliyinə yaxınlığı ilə tanınan Səidəhməd Eldarbiyevə məxsus olub. Hətta avtomobili müşayiət edən şəxslərdən birinin Çeçenistan administrasiyası rəhbərinin birinci müavini Turpal-Əli İbrahimovun yaxın çevrəsindən olduğu iddia edilir. Lakin Eldarbiyevin bu işdə iştirak edib-etmədiyi hələlik təsdiqlənməyib.
Qeyd edək ki, Areq Şepixin sosial şəbəkələrdə yalnız müsəlmanlara deyil, həm də çeçen və dağıstanlılara qarşı təhqiredici paylaşımlar etdiyi bildirilir.


https://www.instagram.com/reel/DKeSUEjtfEp/?igsh=b2NsbjJjZGE2Zmc3






