media-inshot_20260107_130815734

Münasibətlərdə qısqanclıq cəmiyyətdə çox zaman sevginin əsas göstəricilərindən biri kimi dəyərləndirilir. Lakin bəzi hallarda insanlar sevgilərini qısqanclıqla deyil, daha sakit və etibara əsaslanan davranışlarla ifadə edirlər. Fərdi xarakter, emosional yanaşma tərzi və münasibətlərə baxış bu məsələdə fərqlilik yarada bilər.

Bəs, əgər insan qısqanclıq göstərmirsə, bu onun sevmədiyi anlamına gəlirmi, yoxsa bunun arxasında başqa psixoloji səbəblər də ola bilər?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki, qısqanclığın olmaması sevginin olmaması demək deyil, bu daha çox insanın özünə, münasibətə güvəni və emosional yetkinliyi ilə bağlıdır:

“Əgər insan qısqanclıq göstərmirsə, bu, onun sevmədiyi anlamına gəlmir. Qısqanclıq sevginin özü yox, daha çox insanın itirmə qorxusu, təhlükə qavrayışı və özünə dəyər hissi ilə bağlı emosional reaksiyadır. Sevgi isə daha dərin və sabit bir bağlılıq formasıdır. Bəzi insanlar özünə və münasibətə güvəndikləri üçün qısqanclıq davranışı göstərmirlər. Onlar qarşı tərəfi nəzarət altında saxlamağa ehtiyac duymur və sevgini azadlıqla birlikdə yaşaya bilirlər. Digər hallarda insan qısqanclıq hissini yaşayır, lakin bunu davranışa çevirmir, çünki emosional tənzimləmə bacarığı formalaşıb”.

media-img-20260107-wa0017

Psixoloq həmçinin vurğulayır ki, qısqanclığın zəif olması bağlanma, emosional yetkinlik və ya özünü qoruma ehtiyacı ilə bağlı ola bilər:

“Təhlükəsiz bağlanma üslubu olan şəxslərdə qısqanclıq daha zəif olur. Bu insanlar sevgini sahiblik və qorxu üzərindən yox, qarşılıqlı hörmət və seçim üzərindən qururlar. Bəzən isə qısqanclığın olmaması keçmiş emosional zədələrdən sonra yaranmış özünü qoruma mexanizmi ola bilər. Bu halda insan sevir, amma incinməmək üçün emosional məsafə saxlayır. Nəticə etibarilə, qısqanclığın olmaması sevgisizliyin sübutu deyil. Əsas məsələ sevginin necə yaşandığı, münasibətdə emosional yaxınlıq, məsuliyyət və hörmətin olub-olmamasıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər