"Artan xərclər psixoloji gərginlik yaratsa da, psixoloji dayanıqlıq bu təsirlərin dərinləşməsinin qarşısını ala bilər" - Psixoloq
Dekabrın 30-dan etibarən benzin və dizel yanacağının qiymətləri artırılıb, eyni zamanda elektrik enerjisi və təbii qaz üçün aylıq 1 manat sabit ödənişin tətbiqi ilə bağlı qərar qəbul edilib.
Bəs yeni ili artan xərclər fonunda qarşılamaq insanların psixologiyasına necə təsir göstərir?
Mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Patrul.az-a fikirlərini bölüşüb.
Onun sözlərinə görə, qiymət artımları və əlavə xərclər insanların psixoloji durumuna ilk növbədə emosional təhlükəsizlik hissi üzərindən təsir göstərir:

“Xüsusilə yeni ilin əvvəlində bu cür dəyişikliklər narahatlıq, gərginlik və gələcəklə bağlı qeyri-müəyyənlik hissini gücləndirə bilər. Psixoloqların müşahidələrinə görə, maddi xərclərin artması insanların gündəlik davranışlarına, ailədaxili münasibətlərə və işdə diqqət səviyyəsinə də təsirsiz ötüşmür. İnsanlar daha həssas, daha ehtiyatlı və emosional baxımdan tez yorulan vəziyyətə düşə bilirlər”.
“Bununla belə, psixoloji baxımdan vacib məqam odur ki, bu tip stresslər müvəqqəti xarakter daşıyır. Məlumatlılıq, real büdcə planlaması və emosional balansın qorunması insanların bu dəyişikliklərə daha sağlam şəkildə uyğunlaşmasına kömək edir.
Ümumilikdə, artan xərclər psixoloji gərginlik yaratsa da, düzgün yanaşma və psixoloji dayanıqlıq bu təsirlərin dərinləşməsinin qarşısını ala bilər”,– deyə o əlavə edib.
Ləman Sərraf






