media-inshot_20260708_135154477

REAL Partiyasının rəhbəri, iqtisadçı Natiq Cəfərli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə idxal olunan heyvanların daşınması ilə bağlı yeni tələblərini tənqid edib.

Patrul.az savashmedia.az-a istinadən xəbər verir ki, bundan sonra idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalı, istifadə edilən avtomobillər isə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə cavab verməlidir.

AQTA-nın bu qərarına etiraz edən Natiq Cəfərli bunun biznes üçün əlavə yük yaradacağını deyib:

“Yenə aşırı tənzimləmə, yenə müdaxilə. İmkan verin biznes qura, inkişaf etdirə bilsinlər. Bu qədər mənasız tənzimləmə, qadağa və cərimə nəyə lazımdır axı? Qoyun-quzunu limuzində daşımalıdırlar? Dədə-babalarımız heyvanları arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?”.

İqtisadçı həmçinin ölkədə dövlət idarəçiliyinin daha səmərəli modelə keçməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən bir sıra məzmunsuz qurumlar ləğv edilməli, “kiçik və effektiv hökumət” modelinə keçid təmin olunmalıdır. Əks halda, iqtisadi daralma sürətlənəcək və iqtisadiyyatın müxtəlif sahələri bundan zərər görəcək.

Natiq Cəfərli hesab edir ki, AQTA-nın yeni tələbləri daşınma xərclərini artıracaq və bu da son nəticədə istehlakçıların ödədiyi qiymətlərə təsir edəcək.

“Belə qərarlar ancaq qiymətləri artırır. Biznes əlavə xərci məhsulun qiymətinin üzərinə gəlir. Yəni AQTA bu qərarla onsuz da sürətlə artan ət qiymətlərini yenidən bahalaşdırır”, – o bildirib.


Bənzər xəbərlər