Rövşən Tağıyev: “Sükan arxasında hər saniyə önəmlidir, gözünüz telefonda yox, yolda olsun” - VİDEO
BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Rövşən Tağıyev qeyd edib ki, sükan arxasında telefondan istifadənin istənilən forması – istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyur.
Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur. Sürücünün gözünü yoldan ayırdığı 2–3 saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir.
Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.
“Unutmayaq: sükan arxasında seçim sadədir – ya telefon, ya təhlükəsizlik”, – deyə Rövşən Tağıyev vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülər yeni hadisə deyil, əvvəl baş vermiş qəzanın köhnə kadrlarıdır.
Patrul.az






