Salyanda kanalizasiya probleminin yarımçıq qalması sakinləri palçıq içində qoydu - VİDEO
Salyan şəhərində qazılan küçə qar yağdıqdan sonra keçilməz vəziyyətə düşüb.
Patrul.az xəbər verir ki, söhbət şəhərin Mirbağır Ağazadə küçəsindən gedir. Kanalizasiya xətlərinin çəkilməsi məqsədilə qazılan yol hazırda həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkəti üçün ciddi problem yaradıb.
Sakinlərin sözlərinə görə, küçə iki dəfə qazılıb. Yolun bir hissəsində çirkab sularının yaratdığı gölməçələr, digər hissəsində isə qalın palçıq qatı formalaşıb. Xüsusilə son yağan qardan sonra vəziyyətin daha da ağırlaşdığı bildirilir. İddia olunur ki, iki avtomobil yanaşı hərəkət etdikdə onlardan biri palçığa düşərək hərəkətsiz qalır.
Ərazidə yaşayanlar məktəblilərin məktəbə aparılıb-gətirilməsində ciddi çətinliklə üzləşdiklərini deyirlər. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə yolu qazan şirkətə müraciət edilsə də, problem aradan qaldırılmayıb.
Sakinlərin şikayəti ilə əlaqədar sözügedən şirkətə sorğu ünvanlanıb. Sorğunu cavablandıran “Nord Vest” şirkətinin nümayəndəsi Elvin İbrahimov bildirib ki, son günlər havaların yağmurlu keçməsi səbəbindən işlərin yekunlaşdırılması ləngiyib. Onun sözlərinə görə, işlər başa çatdıqdan sonra qazılan hissələrin asfaltlanmasına başlanılacaq.






