media-inshot_20250604_192149741

Qusar rayonunun Samur bələdiyyəsinin sədri Elnarə Ayibova Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi olan və hazırda məhkumluq həyatı yaşayan Cavanşir Əvəzovun yaxınlarının təhdidlərinə məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Patrulaz.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Elnarə Ayibova şikayətində qeyd edib ki, Cavanşir Əvəzovun qohumları tərəfindən ona qarşı davamlı təzyiq və hədələmə halları müşahidə olunur.

İstintaq zamanı müəyyən olunub ki, Cavanşir Əvəzov Samur bələdiyyəsinin balansında olan 17.0, 30.66 və 85 hektarlıq torpaq sahələrini saxta sənədlərlə yaxın qohumlarının adına keçirib. Hazırda həmin sahələrdən 17 hektarı yenidən Samur bələdiyyəsinin mülkiyyətinə qaytarılıb.

Lakin Elnarə Ayibovanın sözlərinə görə, bu torpaq sahəsinin bələdiyyəyə qaytarılmasına razılıq vermədiyi üçün Cavanşir Əvəzovun qohumlarının təzyiq və təhdidləri artmaqda davam edir. Onun bu barədə verdiyi şikayət ərizəsi hazırda rayon prokurorluğunda və Polis İdarəsində araşdırılır.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavanşir Əvəzov külli miqdarda dələduzluğa cəhd, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, rəsmi sənədlərin saxtalaşdırılması və digər əməllərdə təqsirli bilinib. Məhkəmə ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Lakin məhkəmə onun cəzasını real çəkməsi üçün əsas görməyərək Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən (şərti məhkumetmə) hökm çıxarıb.


Bənzər xəbərlər