media-inshot_20250815_094602119

Bəzən siqareti tərgitmək onu vərdiş halına gətirən insanlar üçün çətin görünə bilər. Sanki siqaret çəkməsə, “ürəyi dayanacaq”mış kimi düşünənlər belə var. Doğrusu, bəzi insanlar siqareti tərgitmək prosesi zamanı həqiqətən bir sıra problemlərlə üzləşə bilir. Baş ağrısı, əsmə kimi hallar buna misal ola bilər.

Bəs nə üçün zərərli bir vərdişi tərgidərkən yaxşı olmaq əvəzinə, bu cür hallarla qarşılaşırıq?

Patrulaz.az mövzu ilə bağlı araşdırma aparıb.

Siqareti tərgitmək, bir çox insan üçün yalnız bir vərdişdən imtina etmək deyil, həm də bədənin və beynin illərlə öyrəşdiyi bir asılılıqdan çıxmaq deməkdir. Tütünün tərkibindəki nikotin, beyində dopamin və serotonin kimi “xoşbəxtlik” hormonlarının ifrazını artırır. Bu hormonlar insana rahatlıq, məmnunluq və sakitlik hissi verir. Uzun müddət siqaret çəkənlərin beyni bu maddələrə öyrəşir və onları daim nikotin vasitəsilə əldə etməyə çalışır.

Siqareti birdən tərgitdikdə, bədən artıq nikotin almadığı üçün bir növ “şok” vəziyyətinə düşür. Bu zaman nikotin çəkilmə sindromu adlanan vəziyyət ortaya çıxır. Əsmə, baş ağrısı, yuxusuzluq, ürək bulantısı, əsəbilik, diqqət dağınıqlığı kimi əlamətlər məhz bu səbəbdən yaranır. Orqanizm sanki “nikotin borcunu” tələb edir, beyin isə mükafat sisteminin yenidən qurulmasına çalışır.

Bu mərhələ adətən ilk bir neçə həftə daha kəskin olur. Tədricən bədən nikotinsiz həyata uyğunlaşır, beyin öz hormon balansını təbii yollarla bərpa etməyə başlayır. Lakin psixoloji asılılıq daha uzun müddət davam edə bilər. Siqaretin əllə tutulması, tüstü qoxusu, çay və ya qəhvə içərkən siqaret çəkmə vərdişi kimi davranışlar beynin yaddaşında “rahatlıqla əlaqəli ritual” kimi qalıb, yenidən siqaretə qayıtmaq riskini artırır.

Mütəxəssislər siqareti tərgitmək istəyənlərə birdən-birə buraxmaqdan çəkinməməyi, lakin bu prosesdə həm tibbi, həm də psixoloji dəstək almanın faydalı olduğunu vurğulayır. Çünki siqareti tərgitmək sadəcə iradə deyil, həm də bədənin kimyəvi tarazlığını yenidən qurma prosesidir.

Ləman Sərraf


Bənzər xəbərlər