Sosial şəbəkələrdə saxta çimərlik qolbaqları satılır - Bu əməl hansı məsuliyyət yaradır?
Son vaxtlar sosial şəbəkələrdə çimərliklərə giriş üçün istifadə olunan rəsmi qolbaqlara bənzər saxta qolbaqların satışı ilə bağlı elanlar yayılır. Bu cür qolbaqların hazırlanması, satılması və ödəniş etmədən çimərlik ərazisinə daxil olmaq məqsədilə istifadəsi qanunla necə qiymətləndirilir? Bu əmələ görə hansı inzibati və ya cinayət məsuliyyəti yarana bilər?
Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə,ilk baxışdan sadə görünən bu əməl inzibati və cinayət məsuliyyəti yarada bilər:
“Son dövrlər sosial şəbəkələrdə ödənişli çimərliklərə giriş üçün istifadə olunan rəsmi qolbaqlara bənzər saxta qolbaqların hazırlanması və satışı ilə bağlı elanlara rast gəlinir. İlk baxışdan sadə görünən bu əməl əslində həm mülki hüquq münasibətlərini, həm də inzibati və cinayət qanunvericiliyini əhatə edən hüquqi nəticələr yarada bilər. Çimərlik ərazisinə giriş hüququ həmin xidməti göstərən sahibkar və ya müəssisənin müəyyən etdiyi qaydalar əsasında əldə edilir. Ödəniş etmədən saxta qolbaqdan istifadə etməklə həmin əraziyə daxil olmaq xidmət haqqının qanunsuz şəkildə ödənilməsindən yayınmaq kimi qiymətləndirilə bilər”.
Vəkil bildirir ki,saxta qolbaq nəticəsində maddi zərər vurulduğu və ya rəsmi nişanların təqlid edildiyi hallarda cinayət məsuliyyəti yarana bilər:
“Əgər şəxs saxta qolbağı özü hazırlayır və ya başqalarına satırsa, bu zaman onun məqsədi, istifadə etdiyi üsul və nəticədə vurulan ziyanın məbləği hüquqi qiymətləndirmədə əsas rol oynayır. Belə hallarda sahibkarlıq subyektinə maddi zərər vurulduğu müəyyən edilərsə, ziyanın xarakterindən və məbləğindən asılı olaraq cinayət-hüquqi məsuliyyət məsələsi gündəmə gələ bilər. Əgər saxta qolbaqlar təşkilatın rəsmi nişanını, xüsusi mühafizə elementlərini və ya giriş hüququnu təsdiq edən rəsmi rekvizitləri təqlid edirsə, konkret hallardan asılı olaraq rəsmi sənəd, möhür, ştamp və ya blankların saxtalaşdırılması ilə bağlı Cinayət Məcəlləsinin müvafiq normalarının tətbiqi də istisna edilmir”.
R. Vəliyev qeyd edir ki,satışı və istifadə olunması konkret hallardan asılı olaraq həm mülki, həm də cinayət məsuliyyəti yarada bilər:
“Bundan əlavə, saxta qolbaqdan istifadə etməklə ödənişsiz xidmət əldə olunması aldatma yolu ilə əmlak faydası əldə etməyə yönəlmiş davranış kimi qiymətləndirilərsə, əmələ uyğun olaraq dələduzluq və ya digər əmlak əleyhinə cinayət tərkiblərinin mövcudluğu ayrıca araşdırılır. Burada avtomatik olaraq hər bir belə halın cinayət hesab edildiyini söyləmək düzgün olmaz. Hər bir hadisədə şəxsin niyyəti, vurulan zərər, istifadə olunan vasitələr və digər sübutlar ayrıca qiymətləndirilir.Saxta qolbaqları kütləvi şəkildə hazırlayan və satan şəxslər üçün məsuliyyət, yalnız həmin qolbaqdan istifadə edən şəxslərlə müqayisədə daha ağır ola bilər. Çünki bu halda qanunsuz fəaliyyət davamlı xarakter daşıyır və daha çox şəxsin qanun pozuntusuna cəlb edilməsinə səbəb olur. Həmçinin zərərçəkmiş sahibkar dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada da iddia qaldıra bilər”.

Vəkil vurğulayır ki,sosial şəbəkələrdə saxta qolbaqların satılması onların qanuni olduğu anlamına gəlmir və bu cür əməllər hüquqi məsuliyyət yarada bilər:
“Əgər konkret hadisədə cinayət tərkibi üçün tələb olunan əlamətlər formalaşmırsa, bəzi hallarda inzibati məsuliyyət məsələsi də yarana bilər. Bununla belə, hansı məsuliyyət növünün tətbiq ediləcəyi yalnız faktiki hallar tam araşdırıldıqdan sonra müəyyən olunur və hər bir hal ayrıca qiymətləndirilir. Vətəndaşlar nəzərə almalıdırlar ki, sosial şəbəkələrdə belə qolbaqların açıq şəkildə satılması həmin əməlin qanuni olması demək deyil. Əksinə, bu cür elanlar hüquq-mühafizə orqanlarının araşdırma predmeti ola bilər. Kiçik məbləğdə xidmət haqqından yayınmaq məqsədilə istifadə edilən saxta vasitə sonradan daha ağır hüquqi nəticələrə səbəb ola bilər. Buna görə də həm saxta qolbaqların hazırlanması və satılması, həm də onlardan istifadə etməklə ödənişsiz xidmət əldə edilməsinə cəhd göstərilməsi hüquqi risk yaradan davranış hesab olunur və konkret şəraitdən asılı olaraq inzibati, mülki və ya cinayət məsuliyyəti ilə nəticələnə bilər”.
Cəmilə Cəfərzadə
