Sosial şəbəkələrdə viral olan Zaqataladakı ağaclarda yayılmış həşaratlar nədir və qarşını necə almaq olar? - Mütəxəssisdən ÖZƏL CAVAB
Son günlər Gürcüstanla həmsərhəd olan Azərbaycan ərazilərində – Balakən Zaqatala və Qax rayonlarında qəhvəyi mərmər bağacıqları adlı həşəratların kütləvi şəkildə yayılması vətəndaşların narahatlığına səbəb olub. Sosial şəbəkədə vətəndaşlardan birinin yaydığı görüntüdə ağacda çoxsaylı sözügedən parazitlərin olduğu əks olunub. Sakin onların olduğu yerləri də iylətdiyini dilə gətirərək şikayətlənib. Maraqlıdır ki, bu parazitlər ölkəmizə haradan yayılıb? Onların insanlara və ətraf mühitə zərəri varmı? Bu həşəratların çoxalmasının qarşısını almaq üçün hansı əsaslı tədbirlər görmək olar?
Bu sualları Patrulaz.az-a açıqlamasında cavablandıran ALFA-SS MMC Dezinfeksiya şirkətinin rəhbəri Sabir Məmmədov bildirib ki, parazitlərin ölkədə olması yeni hal deyil.
Onun sözlərinə görə, daha çox Gürcüstanla sərhəd bölgələrə yayılan parazitlərin qarşısı vaxtında alınmazsa, müxtəlif yollarla Azərbaycanın digər ərazilərinə də yayıla bilər:
“Bu parazit ən çox məskunlaşdığı Çin, Yaponiya, Koreya və Asiya ölkələrində yayılıb. Məsələn, meşə zoğalın çox olduğu ölkələrdə bu parazit növü geniş yayıla bilər. Son zamanlar Balakən-Zaqatala bölgəsində bu parazitin ortaya çıxması barədə məlumatlar yayılıb. “Yeni gəlmiş” fikri ilə razılaşmaq çətindir, çünki bizim fikrimizcə bu parazit Gürcüstandan gəlib. Bu bir neçə ayın söhbəti deyil, ola bilər ki, bir illik prosesi əhatə edir ki, həmin parazit həmin ölkədən Azərbaycana keçib.
Sözügedən parazitlərin Azərbaycana keçməsi yolları nəqliyyat vasitəsi ilə baş verə bilər, xüsusilə yük vasitələri vasitəsilə. Bildiyimiz kimi, Gürcüstanla Azərbaycan arasında sərhəd mövcuddur və həmin sərhədlərdən nəqliyyat vasitəsi ilə əlaqə var. Buna görə də bu parazit Zaqatala-Balakən bölgəsində aşkarlanmışdır”.
S.Məmmədovun sözlərinə görə, sözügedən həşəratlar insan sağlamlığına zərər verərək dəri xəstəlikləri, allergiya və mədə-bağırsaq problemlərinə də yol aça bilər:
“Bəzi materiallarda bu parazitin insan sağlamlığına heç bir təsiri olmadığı, qorxulu olmadığı qeyd olunur. Amma elmi baxımdan belə cavablar məqsədəuyğun sayılmaya bilər. İstənilən parazitin insan sağlamlığına təsir etmə yolları vardır. Bildiyimiz kimi, bu həşərat vasitəsilə insan orqanizmində müxtəlif dəri xəstəlikləri, allergik reaksiyalar və mədə-bağırsaq problemləri yarana bilər. Bu parazitin yalnız Balakən-Zaqatala bölgəsində qalması mümkün deyil, onların Azərbaycanın digər bölgələrinə də keçmə ehtimalı var. Çünki parazit müxtəlif yollarla – külək, yük, nəqliyyat vasitələri vasitəsilə bir yerdən digər yerə yayıla bilər. Ona görə də təcili profilaktik tədbirlərin görülməsi vacibdir”.
Mütəxəssis, həmçinin parazitin təbii, mexaniki və kimyəvi üsullarla necə məhv edilə biləcəyini də izah edib:
“Lazımi dövlət strukturları, gömrük məntəqələri və rayon gigiyenik-texniki mərkəzləri tərəfindən dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Bundan əlavə, sahibkarlar iş yerlərində, anbarlarda və qeyri-yaşayış sahələrində rast gəlinən hallarda özəl dezinfeksiya şirkətlərinin xidmətindən istifadə etməlidirlər.
Parazitin məhv edilməsi üçün müxtəlif metodlardan istifadə etmək mümkündür: təbii, mexaniki və kimyəvi yollar. Təbii yollar üçün xüsusi sovurma qabiliyyətinə malik maşınlar mövcuddur ki, parazitləri bir yerə toplayaraq məhv etmək olar. Türkiyə istehsalı olan yapışqanlı maşınlardan da istifadə edilə bilər. Kimyəvi metodlarda isə dövlət və özəl təşkilatlarda mövcud olan dərman preparatları tətbiq edilir. Məsələn, “Supermetrin” və “Hidromefrin” kimyəvi dərmanları nümunə göstərmək olar.
Bizim şirkətdə də parazitin məhv edilməsi üçün Türkiyə istehsalı olan dərman preparatları mövcuddur. Onlardan istifadə etmək, satışa vermək mümkündür. Bu təmizləmə bir dəfə yox, bir neçə dəfə həyata keçirilməlidir. Məncə, profilaktik tədbirlərə məqsədə yönümlü və ciddi yanaşmaq lazımdır, çünki parazit Azərbaycanın digər bölgələrinə, rayonlarına, kəndlərinə və hətta müxtəlif şəhərlərinə yayılma potensialına malikdir”.
Cəmilə Cəfərzadə






